AZ

Sabir Rüstəmxanlı “Müsəlman ərəbdənsə, yəhudini daha üstün tuturam” fikrini düzgün anlamayanlara cavab verdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının Türkiyədəki bəzi saytlarda dərc olunan “Azərbaycan Sionizmə təslim olur” başlıqlı yazıya münasibət bildirməsi müzakirə yaradıb. Onun sosial şəbəkədə yazdığı yazı “Müsəlman ərəbdənsə, yəhudini daha üstün tuturam” başlığı ilə paylaşılaraq tənqid edilib, Fələstin-İsrail məsələsi gündəmə gətirilib.

 

S.Rüstəmxanlı Pravda.az-a açıqlamasında deyib ki, onun əleyhinə yazan və tənqid edən şəxslər yazını oxumayıblar.

 

“Nə yazdığımı, niyə yazdığımı da bilmirlər. Qoy gedib diqqətlə oxusunlar. Mən yəhudini, İsraili müdafiə etmirəm. Əksinə, Azərbaycanın Qəzzada, Fələstində İsrail ordusunun törətdiyi vəhşilikləri Azərbaycanın hər zaman pislədiyini yazmışam. Mənim əsas etirazım bir türkiyəli qəzetçinin Azərbaycanı “Qafqazın İsraili” adlandırması və Bakıda keçirilməsi nəzərdə tutulmayan bir yəhudi yığıncağına görə Azərbaycan Prezidentinin təhqir olunması, Azərbaycan haqqında yaraşmayan sözlərin deyilməsi və “Azərbaycan sionizmə təslim olur” böhtanının irəli sürülməsidir. Buna münasibət bildirəndən sonra əlavə etmişəm ki, dinindən asılı olmayaraq dar gündə kim bizə kömək edibsə, biz onun yaxşılığını unuda bilmərik… İnsanlıq belə tələb edir. Məni Fələstində, Qəzzada baş verən faciələrə göz yummaqda günahlandırırlar. Fələstin şairi Mahmud Dərvişlə tanış olanda, onun ”Beyrut” poemasını dilimizə çevirib çap etdirəndə, Mahmud Dərvişin faciəsi və Fələstin xalqının haqlı mübarizəsi haqqında “Didərginlər” adlı poema yazanda sizin çoxunuz hələ dünyaya gəlməmişdiniz. Sözünüz varsa, mətləbi anlayaraq yazın”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 1 Noyabr 2025, 13:29   
Seçilən
35
pravda.az

1Mənbələr