AZ

Rayonlarda həkim çatışmazlığı - Az maaş, yoxsa...

TƏBİB rəhbəri problemin olduğunu etiraf etdi - iki həkimdən təklif 

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı problemi getdikcə dərinləşir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bu barədə “Medinex 2025" sərgisində danışarkən bildirdi ki, ”həkimlərin yetişdirilməsi uzunmüddətli prosesdir və bu səbəbdən regionlarda bu çətinlik hiss olunur".

Onun sözlərinə görə, bu vəziyyət təkcə Azərbaycana xas deyil, bir çox ölkələrdə də oxşar tendensiya müşahidə olunur. Qurbanov qeyd edib ki, “Mental Klinika” adlı layihə çərçivəsində ilin sonuna qədər regionlarda həkim çatışmazlığının tam aradan qaldırılması planlaşdırılır.

Amma reallıqda mənzərə fərqlidir. Rayonlarda ixtisaslı kadr tapmaq müşkülə çevrilib. Əksər bölgələrdə həkimlər ya təqaüd yaşına çatıb, ya da paytaxtdakı özəl klinikalara üz tutublar. İllərlə rayon xəstəxanalarında çalışan təcrübəli həkimlər maaş azlığını, infrastruktur və şəraitin zəifliyini səbəb göstərərək Bakıya köçürlər.

Gənc həkimlər isə ümumiyyətlə, bölgələrdə işləmək istəmirlər. Bunun əsas səbəbi maaşdan çox sosial mühit və inkişaf imkanlarının məhdudluğudur. Onların sözlərinə görə, bölgələrdə nə elmi yüksəliş, nə peşəkar təlim imkanı, nə də şəxsi perspektiv var. Əməkhaqqı çox vaxt 500-700 manat civarındadır, amma paytaxtda bu məbləğ bir neçə dəfə artıqdır.

Nəticədə, sadə bir cərrahiyə əməliyyatı belə rayon xəstəxanalarında həyata keçirilə bilmir. İnsanlar bir apandisit, bir doğuş, hətta diş müalicəsi üçün belə Bakıya üz tuturlar. Bu da həm maddi, həm fiziki cəhətdən vətəndaşlar üçün əlavə yük yaradır.

Əslində Azərbaycanda həkim sayı ilə bağlı ciddi çatışmazlıq yoxdur. Statistik məlumatlara görə, ölkədə hər 10 min nəfərə təxminən 36 həkim düşür ki, bu, bəzi Avropa ölkələrindən belə yüksək göstəricidir. Amma problem başqa yerdədir - həkimlərin bölgələrə yerləşdirilməsində, infrastrukturda və sosial təminatda.

Hazırda isə bölgələrdə səhiyyə sistemi özünü tam təmin edə bilmir. Bir çox tibb müəssisələri həkim əvəzinə tibb bacılarının, feldşerlərin və ya praktikantların ümidinə qalıb. Bu, həm xidmət keyfiyyətini aşağı salır, həm də səhiyyəyə olan inamı zədələyir.

Bütün bu reallıqlar göstərir ki, regionlarda həkim çatışmazlığı təkcə “az maaş” problemi deyil. 

Zülfüqar Yusifov 

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat” bildirib ki, həkim çatışmazlığı problemi hazırda kifayət qədər aktual bir problemdir: “Tibb universitetini bitirənlər əsasən gənclərdir və bu insanlar daha çox urbanizasiyaya meylli olurlar, yəni şəhər mühitində işləməyə üstünlük verirlər. Burada səbəb yalnız şəhər həyatının hərəkətliliyi və cazibədarlığı deyil, eyni zamanda şəhərlərdə yerləşən böyük klinikalarda təcrübə qazanmaq imkanlarının geniş olmasıdır. Bu klinikalarda daha mürəkkəb və həyəcanlı tibbi prosedurlar həyata keçirilir ki, bu da gənc həkimləri universiteti bitirdikdən sonra həmin müəssisələrdə qalmağa sövq edir”.

Həkimin sözlərinə görə, problemin həlli yolları kimi bir çox ölkələrin təcrübəsindən istifadə etmək olar: “Türkiyədə tibb universitetini bitirdikdən sonra həkimlər ixtisas almaq üçün mütləq şəkildə müəyyən müddət ucqar rayonlarda işləməlidirlər. Bu, məcburi xidmət kimi tətbiq olunur. Nəticədə həmin həkimlərin bir qismi bölgəyə uyğunlaşır, orada ailə qurur və orada daimi işləməyə başlayır. 

Və ya ucqarlarda  işləyən həkimlərin stajlarının artırılmış şəkildə qeyd olunması və ya şəhərlə müqayisədə daha yüksək əməkhaqqı ilə təmin olunması kimi stimullar tətbiq edilir. Belə üsullarla bu problemin müəyyən qədər həllinə nail olmaq mümkündür".

Dr.

 Vaqif Qarayev

Pediatr Vaqif Qarayevin sözlərinə görə, bölgələrdə xəstəxananın maddi-texniki bazası normal olmalıdır ki, müayinə metodlarından istifadə etmək mümkün olsun: 

“Bakıdakı qədər olmasa da, ilkin müayinə üçün əsas avadanlıqlar olmalıdır. Varmı? Yoxdur. İkinci məsələ: gənc ailə 24 saat xəstəxanada qala bilməz. Onun ailəsi, uşağı, xəstəxanadan kənar həyatı var. Harada yaşayacaq? Bu, ciddi problemdir. Uşağını qoymağa normal bağça və məktəb varmı? Bakıdakı qədər olmasa da, normal şəraiti olan məktəb və bağçalar mövcud deyil. Gənc insandır, onun istirahətə, əyləncəyə, sosial həyata ehtiyacı var. Bu da yoxdur. Bəli, həkim işləməlidir, amma onun da normal həyatı olmalıdır. Deməli, əsas iki səbəb var: birincisi, maddi-texniki bazanın olmaması, ikincisi - sosial şəraitin yetərli olmamasıdır.

Rayonlarda ya həkim yoxdur, ya da həkim var, amma diaqnoz qoymaq üçün xəstəxananın imkanı, avadanlığı yoxdur. Bu çox ciddi məsələdir. Ən çox şikayətlər cənub bölgəsindəki xəstəxanalarla bağlıdır.

Bir sözlə, həkimləri rayonlara yönəltmək üçün ilk növbədə maddi-texniki baza mövcud olmalı, maaşlar isə yüksək səviyyədə təmin edilməlidir.

Rusiya bu sahədə “Zemskiy Vrach” adlı xüsusi dövlət proqramı tətbiq edir. Bu proqram çərçivəsində kənd və ucqar bölgələrdə işləməyə razı olan gənc həkimlərə birdəfəlik olaraq 1 milyon rubla qədər vəsait ödənilir. Eyni zamanda, mənzil, sığorta və istirahət imkanları da dövlət tərəfindən təmin edilir. Bölgələrdəki tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur və həkimlərə texniki dəstək göstərilir".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

Seçilən
36
musavat.com

1Mənbələr