AZ

AHİK rəsmisi: Həmkarlar ittifaqlarının üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur – MÜSAHİBƏ

Bakı, 31 oktyabr, Günel Türksoy, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri Cəmaləddin Quliyev AZƏRTAC-a müsahibə verib. C. Quliyev müsahibəsində AHİK-də fəaliyyətində baş verən yeniliklər, qurumun 2025-2027-ci illər üzrə inkişaf strategiyası, Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində mövcud vəziyyət, cari ilin 9 ayı ərzində sağlamlıq və istirahət mərkəzlərinə verilən yollayışların sayı, növbəti il üçün sağlamlıq və istirahət mərkəzləri ilə yeni müqavilələrin bağlanması və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Son aylarda AHİK-in fəaliyyətində hansı əsas yeniliklər və ya islahatlar həyata keçirilib?

- Son dövrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bir sıra islahatlar həyata keçirilib. Vətəndaşlara sağlamlıq və istirahət mərkəzlərinə yollayışların “Bir pəncərə” sistemi ilə təqdim olunması üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, e-ahik elektron rezervasiya sistemi üzvlərimizin istifadəsinə verilib. Bu sistem yollayışların insan təması olmadan sürətli və şəffaf şəkildə əldə etməsinə imkan yaradır. Üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının qorunması məqsədilə Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə əməyin hüquqi və texniki müfəttişləri tərəfindən üzvlərə hüquqi dəstək göstərilir.

İnformasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, Elektron Sənəd Dövriyyəsi Sistemi yaradılıb, statistik hesabatların toplanması və emalı elektron qaydada həyata keçirilir. Həmkarlar ittifaqı üzvlərinin müraciətlərinə operativ cavab verilməsi məqsədilə “Çağrı Mərkəzi” fəaliyyət göstərir, vətəndaşların konfederasiyanın məsul əməkdaşları tərəfindən müntəzəm qəbulu təşkil olunur.

Səmərəliliyin və çevikliyin artırılması məqsədilə konfederasiyanın Aparatının yeni strukturu təsdiqlənib, gənclər, sosial layihələr və gender məsələləri üzrə işlərin təşkili üçün xüsusi şöbə yaradılıb. Sahəvi həmkarlar ittifaqlarının fəaliyyətinin optimallaşdırılması davam etdirilərək idarəetmədə vahid yanaşma tətbiq olunub.

Eyni zamanda, idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sağlamlıq mərkəzləri “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib, qida təhlükəsizliyi və sanitariya-gigiyena standartlarına nəzarət gücləndirilib, nağdsız ödənişlərin tətbiqi üçün terminallar quraşdırılıb. Sağlamıq və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır, müasir tibbi avadanlıqlarla təchiz olunur, yeni laboratoriyalar qurulur, tibbi xidmətlərin keyfiyyəti artırılır.

Konfederasiyanın tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının strukturu optimallaşdırılıb, idman cəmiyyətləri və klubları birləşdirilib. Həmçinin idman infrastrukturunun inkişafına və müasir idman proqramlarının tətbiqinə diqqət artırılıb. Bu islahatların nəticəsi olaraq idmançılarımız yerli və beynəlxalq yarışlarda uğurlara imza atırlar. 2025-ci ilin keçən dövrü ərzində idmançılarımız ümumilikdə 256 medal qazanıblar.

- Bəs, təlim və tədris sahəsində hansı işlər həyata keçirilir?

- Təlim və tədris sahəsində də müvafiq addımlar atılır. Belə ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təkmilləşdirmə tədbirləri görülür, yerli və beynəlxalq əməkdaşlıq genişləndirilir. Pedaqoji heyətin və tələbələrin bilik və bacarıqlarının artırılması, həmçinin akademiyanın beynəlxalq arenada təmsilolunma imkanlarının genişləndirilməsi məqsədilə bp, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edilir. Akademiyada İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb, beynəlxalq ekspertlər təlimçi qismində cəlb olunurlar. Akademiyada, həmçinin Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz elmi nəşrlərin keyfiyyətinin artırılması və elmi mənbələrin beynəlxalq standartlara uyğun identifikatorlarla qeydiyyata alınmasına dəstək göstərir. Hesab edirik ki, mərkəzlə əməkdaşlıq yalnız elmi məqalələrin deyil, eyni zamanda, tədqiqatçıların, institutların və layihələrin də rəqəmsal şəkildə tanınmasına və qlobal elmi dövriyyəyə daxil olmasına əlavə imkanlar açacaq. Akademiyanın daha bir uğuru isə Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH - Institution of Occupational Safety and Health) tərəfindən akkreditasiyadan keçirilməsidir. Bu sənəd akademiyaya əmək mühitində təhlükəsizlik və sağlamlıqla bağlı beynəlxalq standartlara uyğun təlimlər keçirməyə, iştirakçıların bilik və bacarıqlarını qiymətləndirməyə, həmçinin IOSH sertifikatı təqdim etməyə imkan yaradır. Qeyd edək ki, IOSH sertifikatı əldə edənlər beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə ixtisaslı mütəxəssis hesab olunurlar.

Konfederasiya tərəfindən bir sıra layihələr də icra olunur. 2024-cü ilin oktyabrından “AHİK könüllüləri” proqramını həyata keçiririk. Gənclər tərəfindən proqrama böyük maraq göstərilir. Artıq 700-dən çox gəncin müraciəti qeydə alınıb. Könüllülərimiz Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-un təşkilində də fəal iştirak ediblər.

Ölkəmizin tanınmış və nüfuzlu simalarının iştirak etdiyi “Layiqli Əmək Səfirləri” layihəsi əmək hüquqlarının qorunması, layiqli əməyin təşviqi, bu sahəyə diqqətin daha da artırılması, maarifləndirmə işlərinə dəstək göstərilməsi məqsədinə xidmət edir. Daha bir yenilik isə “Həmkardan həmkara qayğı ilə” layihəsidir. Artıq Lerik, Şabran, Laçın və Gədəbəy rayonlarında, eləcə də konfederasiyanın bir sıra sağlamlıq mərkəzlərində uğurla həyata keçirilən aksiyalar zamanı ümumilikdə 2 min 250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. Sosial tərəfdaşlarımızla birlikdə reallaşdırılan layihə ölkəmizin digər dağ və dağətəyi rayonlarında da həyata keçiriləcək. Məqsədimiz üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq, ən başlıcası isə dövlətimizin sosial siyasətinə töhfə verməkdir.

Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı rayonlarında, Mingəçevir, Gəncə və Bakı şəhərlərində, final mərhələsi isə Xankəndidə keçirilən “Sağlamlığa doğru qaç” layihəsi səhiyyə sahəsini əhatə edib. Bu təşəbbüs tibb işçilərinin asudə vaxtının səmərəli təşkili baxımından önəmli olmaqla yanaşı, sağlamlığı, eləcə də ittifaq üzvləri arasında həmrəyliyi təşviq etmək məqsədilə reallaşdırılıb.

Konfederasiya tərəfindən reallaşdırılan “Görməyə dəyər” layihəsi çərçivəsində ittifaq üzvləri əməyin təhlükəsizliyinə dair təlimlər keçirilir, tanınmış oftalmoloqlar tərəfindən üzvlərin göz müayinəsi aparılır. Gözündə problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilir, müvafiq müalicə təyin olunur.

Yeni layihəmiz “AHİK Plus” bu yaxınlarda üzvlərimizin istifadəsinə veriləcək. Layihə sosial tərəfdaşlarımızla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.

- Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması sahəsində mövcud vəziyyət necədir?

- Azərbaycanda əmək hüquqlarının qorunması sahəsində ümumi mənzərə müsbət dinamika ilə xarakterizə olunur. Əmək Məcəlləsi və digər əlaqəli qanunvericilik aktları işçilərin hüquqlarının təmin olunması üçün əlverişli hüquqi baza yaradır. Bununla belə, 1992-ci ilin mayın 19-dan etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvü olan ölkəmiz beynəlxalq əmək standartlarının milli qanunvericiliyə inteqrasiyasına xüsusi önəm verir, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əmək münasibətlərinin beynəlxalq normalara uyğunlaşdırılması və layiqli əməyin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu günədək BƏT-in ümumilikdə 59 Konvensiya (10 fundamental konvensiyadan 9-u, 4 prioritet konvensiyanın hər biri və 177 texniki konvensiyanın 46-sı) və 1 protokolu dövlətimiz tərəfindən ratifikasiya edilib.

Konfederasiyanın nəzdində fəaliyyət göstərən Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən üzvlərimizə əmək münasibətlərində hüquqi məsələlərə dair dəstək göstərilir. Bundan əlavə, maarifləndirici tədbirlər, təlimlər və əmək hüquqlarının effektiv qorunmasına xidmət edən müxtəlif müsabiqələr təşkil olunur. Bu baxımdan xüsusilə “Uğurlu kollektiv müqavilə” müsabiqəsini qeyd etmək yerinə düşər.

Bu təşəbbüs vasitəsilə müəssisələrdə kollektiv müqavilələrin bağlanması təşviq olunur və həmin müqavilələr işçilərin hüquqlarını qoruyan səmərəli hüquqi mexanizm kimi tətbiq edilir. Ümumilikdə həm normativ hüquqi baza, həm də institusional mexanizmlər əmək hüquqlarının qorunması üçün yetərlidir. Bununla belə, əsas prioritet bu hüquqların bütün sektorlarda tam və effektiv şəkildə həyata keçirilməsidir.

- İşəgötürənlərlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında münasibətlər hansı səviyyədədir?

- Konfederasiya işəgötürənlərlə birbaşa deyil, ilk olaraq həmkarlar ittifaqı təşkilatları vasitəsilə əməkdaşlıq edir. Bu model həmkarlar hərəkatının aşağıdan-yuxarıya prinsipi əsasında formalaşmasına şərait yaradır. Təqdirəlayiq haldır ki, bu günədək ölkə üzrə 11 min 45 müəssisədə ilk həmkarlar ittifaqı təşkilatları yaradılıb. Bu göstərici həmkarlar ittifaqlarının əmək münasibətlərinin tənzimlənməsində, işçi-işəgötürən münasibətlərinin hüquqi prinsiplərə əsaslanaraq düzgün və ədalətli şəkildə qurulmasında mühüm rol oynadığını sübut edir.

Bu təşkilatlar vasitəsilə əmək kollektivlərində sosial dialoqun gücləndirilməsi, kollektiv müqavilələrin bağlanması, əmək şəraitinin yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin təmin olunması istiqamətində ardıcıl işlər aparılır.

Hazırda həmkarlar ittifaqları olaraq başlıca məqsədlərimizdən biri ilk həmkarlar ittifaqı təşkilatlarının sayını daha da artırmaq, bu sahədə mövcud potensialdan səmərəli istifadə etməkdir. Biz, xüsusilə, həmkarlar ittifaqı fəaliyyətinin mövcud olmadığı müəssisə və təşkilatlarda bu istiqamətdə təşviqedici, maarifləndirici və təşkilati tədbirlərin həyata keçirilməsinə önəm veririk. Bu, həm əmək hüquqlarının real təminatına, həm də sosial tərəfdaşlıq mexanizmlərinin daha səmərəli işləməsinə xidmət edir.

Bununla belə qeyd olunmalıdır ki, konfederasiya ilə işəgötürənlər arasında münasibətlər konstruktiv sosial tərəfdaşlıq modeli əsasında qurulub. Bu münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və məsuliyyət prinsiplərinə əsaslanır. Tərəflər arasında yaranan sabit və qarşılıqlı etimada əsaslanan münasibətlər həm işçilərin hüquqlarının qorunmasına, həm də istehsalat mühitində sosial sabitliyin təmin olunmasına töhfə verir. Hazırda əmək münasibətlərinin müasir standartlara uyğunlaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilir.

- Konfederasiyanın sosial təminatlar, iş şəraiti və əməkhaqları ilə bağlı hazırkı təşəbbüsləri nələrdir?

- Konfederasiya sosial təminatlar, iş şəraiti və əməkhaqları sahəsində çoxşaxəli və strateji yanaşmalara əsaslanan təşəbbüslərlə çıxış edir. Əmək bazarında baş verən dəyişikliklər diqqətlə izlənilir və bu istiqamətdə sosial tərəfdaşlarla əməkdaşlıq gücləndirilir. Təsadüfi deyil ki, 2023-2025-ci illər üzrə Baş Kollektiv Sazişin 2.2.9 və 2.2.10-cu yarımbəndlərinə əsasən, sosial tərəfdaşlar minimum əməkhaqqının mərhələli artırılması və onun orta əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasına uyğunlaşdırılması, eləcə də həyat səviyyəsini ölçmək və təhlil etmək üçün mexanizmlər yaratmaq öhdəliyi götürüblər. Sosial təminatlar sahəsində əsas məqsəd işçilərin rifah səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə həm sosial paketlərin genişləndirilməsi, həm də aztəminatlı və həssas əhali qruplarına yönəlmiş xüsusi dəstək mexanizmlərinin tətbiqi təşviq olunur. Bu prosesdə kollektiv müqavilələr əsas amil kimi çıxış edir və bağlanması konfederasiya tərəfindən fəal şəkildə dəstəklənir.

İş şəraitinə gəldikdə isə, əməyin təhlükəsizliyi və sağlamlıq məsələləri əsas prioritetlərdir. Bu sahədə konfederasiya tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim və seminarlar keçirilir.

Eyni zamanda, BƏT konvensiyalarının ratifikasiyası istiqamətində imkanlar araşdırılır. Əməyin mühafizəsinə dair yaradılmış komissiyalarda konfederasiyanın nümayəndələrinin iştirakı təmin edilir.

Əməkhaqqı ilə bağlı təşəbbüslər isə ədalətli və şəffaf ödəniş mexanizmlərinin formalaşdırılmasına yönəlib. Minimum əməkhaqqının mərhələli şəkildə artırılması, əməkhaqqının inflyasiya və yaşayış minimumu ilə uyğunlaşdırılması məqsədilə müvafiq qurumlarla danışıqlar aparılır. Bütün bu təşəbbüslər işçilərin hüquqlarının qorunmasına və sosial dialoqun daha da gücləndirilməsinə xidmət edir.

- AHİK gənc işçilərlə münasibətləri necə təşkil edir?

- Konfederasiyada Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsi fəaliyyət göstərir və konfederasiyanın 2025-2027-ci illər üzrə inkişaf strategiyasına uyğun olaraq, bir sıra istiqamətlər üzrə iş aparılır. Əsas fəaliyyət sahələrinə gənclərin həmkarlar ittifaqına cəlb olunması, gender bərabərliyi ilə bağlı maarifləndirmə, peşəyönümü və karyera planlaması xidmətlərinin təşkili, inklüziv siyasətin gücləndirilməsi və sosial həssas qruplar üçün xüsusi güzəştlərin tətbiqi daxildir. Gənclərin inkişafına yönəlmiş layihələr çərçivəsində əmək hüquqları, liderlik, layihə idarəetməsi və kommunikasiya bacarıqları üzrə təlimlər təşkil olunur. Eyni zamanda, “AHİK könüllüləri” proqramı vasitəsilə gənclər sosial layihələrdə iştirak edir, sosial məsuliyyət və həmrəylik dəyərlərini mənimsəyir, ictimai fəallıqlarını artırırlar. Bu proqram çərçivəsində konfederasiyanın müxtəlif şöbələrində təcrübə keçərək sonradan vakansiyalar üzrə işə qəbul olunan gənclər də var.

- Gənclər arasında əmkarlar ittifaqına marağı artırmaq üçün nə kimi tədbirlər görülür?

- Biz gənclərlə işləməyə xüsusi önəm verir və onların həmkarlar ittifaqlarına marağını artırmaq üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Əsas məqsədlərdən biri gənclərin maarifləndirilməsidir. Bununla bağlı seminarlar, treninqlər və maarifləndirici görüşlər təşkil olunur. Eyni zamanda, “AHİK könüllüləri” proqramı çərçivəsində gənclərin sosial və ictimai tədbirlərdə iştirakı təmin edilir. Məsələn, cari ilin iyul ayında könüllülərimizin Milli Məclisə tanışlıq səfəri və deputatlarla görüşü təşkil olunub. Bundan əlavə, gənclərin yay tətilini səmərəli keçirməsi məqsədilə Xaçmaz rayonundakı “Təhsil” istirahət mərkəzində düşərgə təşkil edilib. Konfederasiyanın fəaliyyətində mədəni tədbirlər, idman yarışları və yaradıcılıq müsabiqələri də geniş yer tutur. Bunlarla yanaşı, həmkarlar ittifaqı üzvü olan gənclərin layihələrə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində yeni layihələrin icrası planlaşdırılır.

- AHİK-in fəaliyyətinə daxil olan məsələlərdən biri vətəndaşlara sağlamlıq və istirahət mərkəzlərinə getmələri üçün yollayışların verilməsidir. Bu sahədə yeniliklərdən biri də prosesin elektronlaşdırılmasıdır. Elektronlaşma prosesi AHİK-in iş prinsipinə necə təsir edib?

- Konfederasiya tərəfindən sağlamlıq və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesinin elektronlaşdırılması həm inzibati, həm də xidmətin keyfiyyəti baxımından mühüm dəyişikliklərə səbəb olub. Belə ki, vətəndaş müraciətlərinin onlayn qaydada qəbul olunması şəffaflıq və operativliyi təmin edir. Eyni zamanda, təklif olunan yollayışlar müraciət edən şəxsin tələblərinə uyğun formalaşdırılır. Bu da, təbii ki, üzvlərimizin məmnunluq səviyyəsinin yüksəldilməsi deməkdir. Elektronlaşma prosesi insan faktorunun təsirini minimuma endirməklə daha obyektiv qərarların verilməsinə şərait yaradıb, müraciətlərin qeydiyyatı, təsdiqi və imtina səbəblərinin izlənilməsi asanlaşıb. Ümumilikdə bu yenilik əlçatanlıq, şəffaflıq və vətəndaş məmnuniyyəti baxımından olduqca əlverişlidir.

- Cari ilin 9 ayı ərzində sağlamlıq və istirahət mərkəzlərinə göndərilən şəxslərin sayı barədə məlumat verməyinizi istərdik

- 2025-ci ilin ilk 9 ayı ərzində sağlamlıq və istirahət mərkəzlərinə getmək üçün müraciət edən vətəndaşlara 39 min 363 yollayış verilib.

- İnsanlar xüsusilə yay aylarında sağlamlıq və istirahət mərkəzlərinə üz tuturlar. Bu baxımdan bu il elektron şəkildə müraciət edib, müsbət cavab almadıqlarını bildirən insanlar məsələ ilə bağlı bağlı fikirlərini sosial şəbəkələrdə də paylaşdılar. Siz də həmin fikirlərlə, yəqin ki, tanışsınız. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, ictimai rəylərə hörmətlə yanaşan qurum olaraq sosial şəbəkələrdə səslənən fikirlərlə tanışıq və vətəndaşların rəylərini daim nəzərə alırıq. Qeyd etmək istəyirəm ki, yay mövsümü ərzində müraciətlərin sayında kəskin artım müşahidə olunur. Sağlamlıq və istirahət mərkəzlərində yerlərin məhdud olması və maddi-texniki resursların limitli olması səbəbindən yollayışla bağlı bütün müraciətlərin təmin olunması mümkün olmur. Hər bir vətəndaş mövcud sağlamlıq və istirahət mərkəzlərinə getmək üçün şəxsi kabinetdə qeydiyyatdan keçərək müraciətinin gedişatını izləyə bilər. Elektron sistem müraciətin qəbul olunub-olunmamasını real vaxt rejimində göstərir, təsdiq və ya imtina səbəbləri barədə ətraflı məlumat verir. Bu, prosesin obyektiv və ədalətli aparılmasına şərait yaradır.

- 2026- cı il üçün sağlamlıq və istirahət mərkəzləri ilə yeni müqavilələrin imzalanması nəzərdə tutulurmu?

- Növbəti il üçün sağlamlıq və istirahət mərkəzləri ilə yeni müqavilələrin imzalanması müvafiq meyarlara və sənədlərə uyğunluq halında mümkündür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sağlamlıq və istirahət mərkəzləri ilə müvafiq meyarlar və tələb olunan sənədlər əsasında müqavilə bağlayır. Tələblər təsdiq edildikdən sonra müqavilə imzalanır və müqavilə şərtlərinə əməl olunması üçün davamlı monitorinqlər aparılır. Şərtlərin pozulması halında isə müqaviləyə xitam verilir. Həmkarlar ittifaqlarına məxsus və müqavilə bağlanılan bütün sağlamlıq və istirahət mərkəzləri e-ahik.az Elektron Rezervasiya Sisteminə inteqrasiya olunub. Vətəndaş müraciət edərkən ona real vaxt rejimində qeydiyyat təqvimi göstərilir.

- AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasında hansı yeniliklər nəzərdə tutulub?

- Müasir çağırışlara əsaslanmaqla layiqli iş yerlərinin yaradılması, üzvlərimizin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, sağlamlığının mühafizəsi, həmrəyliyinin daha da gücləndirilməsi əsas hədəflərimizdir. Bu hədəflərə çatmaq üçün AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. Hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı uğurla icra olunur.

 

 

Seçilən
42
azertag.az

1Mənbələr