AZ

Şəkidə indiyədək 20 min hektardan çox sahədə payız səpini aparılıb

Şəki, 31 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 16 min 603 hektarı dən üçün arpa, 3 min 412 hektarı buğda olmaqla, 20 min 15 hektar sahəyə toxum səpiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 21 min hektarına buğda, 39 min hektarına isə arpa səpiləcək. Payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 51 min hektardan çox sahədə şum qaldırılıb. Səpin üçün 11 min 260 ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 3 min 600,4 ton sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Ümumilikdə, səpin kampaniyasına 381 ədəd şum traktoru, 245 ədəd kotan, 120 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb olunub.

Sektor müdiri bildirib ki, taxılçılığın inkişafı ölkəmizdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri sayılır və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət tərəfindən bu sahənin inkişaf etdirilməsi məqsədilə dəstək mexanizmləri həyata keçirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə fermerlərə dəmyə sahələr üçün hər hektara 200 manat, suvarılan sahələr üçün isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

Seçilən
7
1
azertag.az

2Mənbələr