"Qarşıdan gələn Zəfər günü ilə bağlı hər birinizi, o cümlədən Azərbaycanın Silahlı Qüvvələrini və Daxili Qoşunların əsgər və zabitlərini, Daxili İşlər Nazirliyinin əməkdaşlarını təbrik edim. Bu qələbənin əldə olunmasında onların da xüsusi rolu olub. Ölkədə hərbi vəziyyət elan olunandan dərhal sonra respublika üzrə daxili işlər naziri Vilayət Eyvazov komendant təyin olundu və qələbədən sonra o Prezident tərəfindən Azərbaycanın ikinci yüksək təltifi olan "Zəfər" ordeni ilə təltif edildi. Bu həm də daxili qoşunlara verilən qiymət, onların fəaliyyətinin, xidmətinin əvəzi idi".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Millət vəkili “Azərbaycan Respublikasının Daxili Qoşunları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb, təkliflərlə çıxış edib: “Qanun layihəsinin 8.2.14-cü maddəsi ilə bağlı təklif vermək istəyirəm. Burada qeyd olunur ki, daxili qoşunların komandanı "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayır. İnkişaf etmiş, qanunun aliliyinin təmin olunduğu, hakimiyyət bölgüsünün olduğu bütün ölkələrdə silahlı qüvvələrə nəzarəti, həm də kənar nəzarəti Milli Məclis, yəni qanunverici orqan həyata keçirir. Ona görə də bura əlavə olunsun ki, həmin müqavilələr Milli Məclisin müvafiq komitələri tərəfindən təsdiq olunur. Bu, birbaşa nəzarətin təmin olunması üçün son dərəcə önəmlidir”.
Qüdrət Həsənquliyev digər bir mühüm məsələ kimi daxili qoşunların şəxsi heyəti ilə bağlı olduğunu diqqətə çatdırıb: “Bu barədə də əvvəllər məlumat vermişəm. Bu da ondan ibarətdir ki, həm Daxili Qoşunların Akademiyasında təhsil alan kursantlar, həm də zabitlərlə işə qəbul zamanı əmək müqaviləsi bağlanmalıdır. Yəni, hərbi xidmət keçmək haqqında müqavilə imzalanmalıdır. Müqavilənin nümunəvi forması bu qanuna əlavə olunmalıdır. Orada onların hüquq və vəzifələri dəqiq göstərilməlidir. Əlbəttə, deyilə bilər ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanun var və həmin qanunda da bütün hərbi qulluqçuların, o cümlədən də Daxili Qoşunların əsgər və zabitlərinin statusu müəyyən olunub. Amma, çox təəssüf ki, bu qanuna əməl olunmur. Daxili Qoşunlarda xidmət etmiş və hazırda ehtiyatda olan 71 zabit mənə müraciət ediblər. Bunların hamısı Milli Məclisin vasitəsilə daxil olub. Onlar hamısı xahiş edirlər ki, Milli Məclis qanunun icrasının təmin olunmasına kömək etsin. Onlara mənzillər verilmir. Keçən dəfə hörmətli Əli müəllim Prezidentin Fərmanına istinad elədi. Amma Prezidentin Fərmanında həm Sərhəd Qoşunlarının, həm Daxili Qoşunların hərbi qulluqçularına ev verilməməsinə dair hər hansı bir müddəa yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini mütləq tapmalıdır və bu, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbidir. Hesab edirəm ki, həmin məsələ də müqavilədə öz əksini tapmalıdır”.
Millət vəkili əlavə edib: “Toxunmaq istədiyim növbəti məsələ, 14-cü maddə ilə bağlıdır ki, Daxili Qoşunlar öz vəzifələrinin icrasına hansı hallarda cəlb oluna bilərlər. Burada qeyd olunur ki, Daxili Qoşunlar aşağıdakı vəzifələri həyata keçirirlər. Amma təklif edirəm ki, 14.1-ci maddə belə adlandırılsın: Daxili Qoşunlar ölkədə fövqəladə və hərbi vəziyyət elan olunarkən aşağıdakı vəziyyəti həyata keçirirlər. Ona görə ki, bizim Konstitusiyanın 109-cu maddəsinin 28-ci bəndinə görə də Prezident silahlı qüvvələrdən təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına razılıq verilməsi üçün Milli Məclisinə təqdimat verir. Daxili Qoşunlar da silahlı qüvvələrin tərkib hissəsidir və bizdə də o hallarda Daxili Qoşunlar qeyd olunan vəzifələrin icrasına cəlb olunur. Hansı ki, həmin vəzifələr ölkədə fövqəladə vəziyyət elan olunduqda nəzərdə tutulub. Yəni, buna görə də tutaq ki, ölkədə dövlət təsisatlarının fəaliyyəti üçün bir təhlükə varsa, yaxud qiyam, dövlət çevrilişi cəhdi, vətəndaşların hüquq və təhlükəsizliyinin qorunmasıyla bağlı problemlər və ya kütləvi ixtişaşlar varsa, bu halda Prezident tərəfindən fövqəladə vəziyyət elan olunmalı və bundan sora Daxili Qoşunlar bu vəzifələrin icrasına cəlb olunmalıdır. Ona görə ki, əvvəla ölkədə sabitlik var. İkincisi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri var- Çevik Polis Alayı. Onlar öz vəzifələrini layiqincə yerinə yetirirlər və hesab edirəm ki, Daxili Qoşunlardan ölkə daxilində yanlız bu iki halda istifadə olunmasına icazə verilməlidir. Çünki Daxili Qoşunlar da, hərbi birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Hərbi birləşmələr də yalnız o halda istifadə olunar ki, ölkədə ya hərbi vəziyyət olsun, ya da fövqəladə vəziyyət”.