
Oktyabrın 17-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp oktyabrın 13-də Misirə səfərini başa vurduqdan sonra prezident təyyarəsində keçirdiyi brifinqdə məlumat verib.
ABŞ prezidentinin Ukrayna prezidentini Vaşinqtona dəvət etməsi və görüşün oktyabrın 17-ə planlaşdırılması barədə ilk məlumatı Ukraynanın ABŞ-dəki səfirinə istinadən Ukrayna mətbuatı yayıb.
Elə həmin gün Zelenski Kiyevdə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla keçirdiyi mətbuat konfransında bunu təsdiq edib.
Daha sonra o, eyni məlumatı sosial şəbəkə hesabında da dərc edib.
Ukraynanın hökumət nümayəndə heyəti artıq Zelenskinin səfəri ərəfəsində ABŞ-yə yola düşüb.
Digər tərəfdən, Ukrayna prezidenti oktyabrın 13-də ABŞ-yə səfərinin əsas mövzularının Rusiyaya təzyiq göstərmək üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olacağını bildirib.
Qeyd edək ki, Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışıqları oktyabrın 11 və 12-də baş tutub.