AZ

Qərbi Azərbaycanda toy adətləri

Əslində, şimallı-cənublu, qərbli-şərqli doğma Azərbaycanımızın bölgələrindəki toy adətləri bir-birindən elə də fərqlənmir. Bu, təsadüfi deyil. Çünki bu adətlər Azərbaycanın müxtəlif tarixi bölgələrində yaranıb və əsrlər boyu inkişaf edərək vahid və zəngin bir adət-ənənə sisteminə çevrilib. Qız bəyənmə, elçilik, xınayaxdı, parça kəsimi – toydan əvvəlki və ya sonrakı adətlər və sair. Bu adətlərin əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindəki toylarda demək olar ki, icra olunub. Düzdür, zaman keçdikcə bəzi adətlər unudulub, formasını dəyişib və ya ona yeni çalarlar əlavə olunub. Ancaq mahiyyət demək olar ki, dəyişməz qalıb.

Bu səbəbdən bugünkü yazımızda bütün adət-ənənə zəncirinin hər bir detalına deyil, yalnız Qərbi Azərbaycanın müxtəlif bölgələrinə xas olan toy adətlərinə diqqət yetirəcəyik. Çünki bu ərazi qədim türk milli adət-ənənələrinin uzun müddət konservativ şəkildə qorunması, kənar təsirlərə daha az məruz qalması ilə seçilir.

Qərbi Azərbaycanda yaşayan yerli əhali son 200 ildə dəfələrlə deportasiyalara, soyqırımlara məruz qalsa da, minillik türk etnik mədəniyyət nümunələri övladlarının yaddaşında, adət-ənənələrində yaşayıb və nəsildən-nəsilə ötürülüb. Minillər boyunca soydaşlarımızın ruhuna, qanına hoparaq qorunub saxlanmış zəngin folklor irsi, əslində, bu tarixi diyarımızda yaşamış soydaşlarımızın etnoregional yaddaş salnaməsinə və zamanla iç-içə yaşam modelinə çevrilib.

Şax bəzəmə

Qərbi Azərbaycan toylarının baş bəzəyi Şax bəzəmə adlanır. Yüz illər boyu el, camaat bu adətə bolluq, bərəkət, əhdə-vəfa mənası verib. Gəlinin "Şax”ını adətən onun ürək dostu, sirdaşı olan bacılığı hazırlayırdı. Gəlin köçən qızın şaxı löyün-löyün el nemətləri ilə bəzənərdi. Təxminən 1 metr boyunda olan taxta və ona bərkidilmiş budaqların üstünə güzgü, şam, parça, şirniyyat, meyvə bərkidilərdi. Şaxdakı qızılyanaq almalar qız-gəlin yanağı kimi alov-alov alışardı. Oğlan evindən qız şaxına gələn cavanların ürəyinə od salardı. Beləcə, bir toyda neçə-neçə toyun binəsi qoyulardı.

"Bəyin oğurlanması” filmindən

Rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayevin 1985-ci ildə xalq yazıçısı Mövlud Süleymanlının ssenarisi əsasında çəkdikləri "Bəyin oğurlanması” filmini yəqin xatırlayırsınız. Əslində, "Bəyin oğurlanması” adəti Qərbi Azərbaycan ərazisi də daxil olmaqla əksər bölgələrimizdə var.

Ancaq Qərbi Azərbaycanda, Göyçə mahalında bir adət vardı ki, son dövrlərdə başqa heç bir bölgədə rast gəlinmirdi – "Bəyi döymək” adəti. 1988-ci il deportasiyasına qədər bu adət yalnız Göyçə mahalının Bala Məzrə kəndində saxlanmışdı. Toy gecəsindən əvvəl bəy sağdışıgildə qalırdı və orada subay oğlanlarla subaylığın son gecəsində yeyib-içib şənlənirdilər. Sabahısı gün zurna-nağarayla bəyi evlərinə gətirəndə, yolda subay oğlanlar bəyi simvolik olaraq döyürdülər – bəzən yalnız şapalaq və ya yumruq, bəzən isə çubuqla.

Bu adətin izahı da vardı: bəy artıq subayların sırasını tərk etdiyinə görə subay yoldaşlarından kimin onda heyfi varsa, simvolik olaraq belə çıxırdı. Toy gecəsindən sonra isə hamı təzə bəylə olan köhnə inciklikləri unudmalıydı. Evli olduqdan sonra heç kimin onunla köhnə ədavəti aparmağa haqqı yox idi. Əslində, bu, çox qədim bir Oğuz adətidir.

"Diriliş Ərtoğrul” filmindən

Qədim Oğuz adət-ənənələri və tarixi mənbələr əsasında çəkilən "Diriliş. Ərtoğrul” serialında da toy səhnələrində bu adət bir neçə dəfə canlandırılıb. Bütün Azərbaycanda olduğu kimi, Qərbi Azərbaycan toylarında da yardımlaşma əsas şərtlərdən biri sayılırdı. Toy sahibinin dəvəti olmadan bütün məhəllə toyqabağı köməyə toplaşırdı. Qadınlar və kişilər, uşaqlar və böyüklər toyxananın qurulmasından tutmuş ən xırda məsələlərin həllinə qədər hər kəs əlindən gələn köməyi göstərirdi.

Ən qədim zamanlarda ürəyi istəyən adamları toya dəvət etmək üçün ev sahibi bir nəfər "adamçağıran” təyin edirdi. Bəzi bölgələrdə buna "dəvətçi”, "nəmçi” və ya "çağrıcı” da deyirdilər. Bu adam qapı-qapı gəzər, tapşırılan adamları toy sahibi adından məclisə dəvət edərdi.

50-60-cı illərdən sonra isə kağız dəvətnamələr yazılmağa başladı. Bəzən dost-tanışı toya dəvət etmək üçün foto kağızında çap olunmuş dəvətnamələrdən də istifadə olunurdu. Qeyd edək ki, bu dəvətnamələr qədim yurd yerlərimiz olan Zəngibasardan və Vedibasardan xatirə kimi qalıb.

Xüsusi imtiyazlı şəxslər – nişanlı qızlar və həmin il toyu olmuş təzə gəlinlər – toya ancaq musiqi ilə dəvət olunardılar. Toydan bir gün əvvəl çalğıçılar və gənc qızlar həmin nişanlı qızların və gəlinlərin olduğu evləri qapı-qapı gəzərək həyətlərində rəqs edər, onları toya çağırardılar.

Gəlinin gətirilməsi

Qərbi Azərbaycan toylarında gəlinin ata evindən aparılması mərasiminə bütün kənd şahidlik edirdi. 1987-ci ildə lentə alınmış kadrlar göstərir ki, Göyçə mahalının Pəmbək kəndindən Zod kəndinə gəlin aparılırdı.

İndiki toylardan fərqli olaraq Qərbi Azərbaycan toylarında gəlini ya ocağın ya da təndirin başına fırladırdılar. Bu, gəlinin ata ocağından xeyir-dua alması və köçdüyü ocağa aparması demək idi. Elə ki, gəlin evdən çıxarılırdı həmin vaxt molla gəlib kəbini kəsirdi. Toyun əvvəlindən axırına qədər gəlinin üzü duvaq ilə örtülü olurdu.

Gəlinin əlinə pul bağlanması, belinin qurşaması eyni ilə başqa bölgələrdə olduğu kimi idi. Əgər qız evi oğlan evinə yaxın idisə gəlini piyada, yox, uzaq idisə at belində aparardılar. Gəlin bəy evinə çatana qədər də çox maraqlı hadisələr olurdu. Hətta bu adət atı avtomobil əvəz etdikdən sonra da unudulmamışdı. Gəlin ata evindən çıxanda kəndin dəliqanlı cavanları atlarını kəsə yollarla çaparaq oğlan evinə xəbər aparırdılar. Bu müjdə xəbərini aparanlara sürəkçilər deyilirdi. Oğlan evinə ilk çatan və gəlinin gəlişini ilk müjdələyən sürəkçiyə oğlan evi nəmər verirdi.

Oğlan evinə çatanda gəlinin ayağının altında mütləq qurban kəsilirdi. Bundan sonra gəlin ayaqqabısını çıxarır evə piyada, ayaqqabısız gəlirdi. Bunun da öz mənası vardı... El arasında ayaqqabı darlıq sayıldığından gəlinin ayaqqabısını çıxarması onun darlıqdan qurtarması, gəldiyi evə xoşbəxtlik, əmin-amanlıq gətirməsi demək idi. Evin qapısının ağzına- gəlinin qarşısına lavaş və şəkər düzülürdü. Gəlin o lavaşları və qəndləri bir-bir yerdən yığdıqdan sonra evə daxil olurdu. Bu, gəlinin evə ruzi-bərəkət və şirinlik gətirməsi demək idi.

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi "Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

 
 

Seçilən
7
7news.az

1Mənbələr