AZ

“Qəhvəyi mərmər bağacığı”nın fəsadları nələrdir?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində qeyri-neft sektorunda istehsalın genişlənməsi ölkəmizin ixrac imkanlarının artmasına müsbət təsir göstərir, regionlarda yetişdirilən məhsulların ixracı respublikaya böyük həcmdə valyuta gətirir.

"Unikal" xəbər verir ki, Zaqatala rayonu üçün ənənəvi, ixrac potensialı yüksək olan və ən əsası, əhalinin məşğulluğunun təmin edilməsində böyük əhəmiyyəti olan sahələrdən biri fındıqçılıqdır.

Zaqatala rayonunda mövcud olan fındıq sahələri Respublikada ən geniş ərazilərə malik olmaqla (20190,4 ha), rayonun iqtisadiyyatının və kəndlərdə yaşayan əhalinin ailə büdcələrinin əsasını təşkil edir.

2025-ci ildə fındıq bağlarında əvvəlki illərlə müqayisədə məhsuldarlıq aşağı düşmüşdür. Buna səbəb, son illərdə Gürcüstan Respubliksından ölkəmizə keçərək Zaqatala rayonu ərazisində yayılmış “Qəhvəyi mərmər bağacığı” adlanan karantin zərərvericisidir. Zərərvericinin yayılma arealı, əsasən meşə massivləri, meşə massivləri ilə əhatə olunmuş fındıq bağları və digər kənd təsərrüfatı bitkiləri becərilən sahələridir. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar,konteynerlər, təzə meyvə-tərəvəz və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Yetkin fərd bir dəfəyə 25-30 yumurta qoyur. Bu da onların sürətlə çoxalmasına səbəb olur. Bu zərərverici fındıq da daxil olmaqla 300-dən çox bitki növü ilə qidalanaraq kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır, ekologiyaya da ciddi ziyan vururlar.

Qəhvəyi mərmər bağacığı yaşayış yerlərində  bəzi insanlarda allergiya yaradır. Məlumat üçün qeyd edək ki, 2010-cu ildə ABŞ da 33 ştatda qəhvəyi mərmər bağacığının vurduğu ziyan 21 milyard dollar olmuşdur. Təkcə Nyu-york ştatında alma, üzüm, şaftalı, albalı, paxlalı bitkilər, qarğıdalı və xiyara vurduğu ziyan 878 milyon dollar təşkil etmişdir. 2015-ci ilin ikinci yarısından etibarən Rusiya və Abxaziyanın rütubətli subtropik ərazilərində bu ziyanvericinin kütləvi artımı baş vermişdir. 2016–2017-ci illərin nəticələrinə görə bu ziyanverici Rusiyada, Abxaziyada, Gürcüstanda meyvə, subtropik bitkilər və fındıq məhsulunun miqdarı və keyfiyyətinə böyük ziyan vurmuşdur. Abxaziyada şaftalı, naringi, xurmanın məhsuldarlığı 2–3 dəfə aşağı düşmüşdür. Gürcüstan isə fındıq ixracatında üçüncü yerdən dördüncü yerə enmişdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi , eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən mübarizə tədbirləri aparılsa da, görülmüş işlər siyarətlənmənin qarşısının alınması üçün kifayət etmir.

Belə ki, sıx meşələrin dərinliklərində dərmanlanma aparılması yerüstü texnikalar vasitəsilə faktiki olaraq mümkün deyildir. Qeyd edirik ki, havalar soyuduqca zərərvericilər yaşayış məntəqələrinə, evlərə, təsərrüfat tikililərinə və digər sığınacaqlara qışlama dövrü üçün miqrasiya edirlər. Bu da kimyəvi mübarizəni çətinləşdirir.                            

Seçilən
16
3
unikal.az

4Mənbələr