Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu ilk turda Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda qalib müəyyənləşməyib. Hesabı 14-cü dəqiqədə Cənubi Azərbaycan klubu açıb. Tomislav Ştrkal adını tabloya yazdırıb. Lakin meydan sahibləri 65-ci dəqiqədə buraxılmış qolun əvəzini çıxa biliblər.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin digər təmsilçisi “Əl-Vahda”ya qarşı keçirəcək. Bu oyun sentyabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. Onlar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.
Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Püşkatmanın nəticələrinə əsasən, “Traktor” “Qərb” zonasında evdə “Əl-Sədd” (Qətər), “Əl-Şorta” (İraq), “Əl-Duhail” (Qətər) və “Əl-Vahda” (BƏƏ) və səfərdə “Şabab Əl-Əhli” (BƏƏ), “Nasaf” (Özbəkistan), “Şarja” (BƏƏ) və “Əl-Qarafa” (Qətər) ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.