AZ

İran Sübhanini niyə İrəvandan geri çağırdı?

Diplomatı Azərbaycan əleyhinə qızışdıran qüvvələr istəklərinə nail ola bilmədilər

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhanini səlahiyyət müddətinin başa çatması İrəvanda suallar doğurub. İranda xüsusi xidmət orqanlarında çoxillik iş əcrübəsinə malik olan Sübhani özünü diplomatdan daha çox kəşfiyyat agenti kimi aparıb.

Mediada yayılan məlumatlarda Sübhaninin bundan əvvəl işlədiyi Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Belə bir “diplomatın” 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Sübhani Ermənistanda fəaliyyətə başlayan kimi anti-Azərbaycan çıxışlarına start verməsi, xüsusilə Qarabağda həmin vaxt hələ də qalan separatçıları dəstəkləməsi bu şübhələri artırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sobhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sübhaninin missiyası Azərbaycan-İran münasibətlərini pozmaq, İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi.

İrəvana gələr-gəlməz səfirin çıxışından aydın oldu ki, onun əsas vəzifəsi həm də Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyətdir. Zatən, İran Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra bu işə maneçilik törətmək üçün əlindən gələni etməyə çalışırdı. Mehdi Sübhani Ermənistan mediasına açıqlamalarında daima Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. Sübhaninin Ermənistandakı iki illik fəaliyyətinə dair mediaya sızan məlumatlar da bu kontekstdə diqqətçəkəndir. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında istəyirdi. Səfirin İranın Ermənistan və Azərbaycan siyasətində balansın ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə “hesabatlar” hazırladığına dair də məlumatlar vardı.

Azərbaycan mediasındakı iddialara görə, Azərbaycan-İran xəttində problemlərin aradan qaldırılması, münasibətlərin düz xəttə çıxması və son dövrlər daha da inkişaf etməsi Sübhani və arxasındakı qüvvələrin istəklərinə nail ola bilmədiyini təsdiq edir. Onun geri çağırılması da diplomatik missiyasi müddətinin başa çatmasından çox, Tehrandakı bəzi qüvvələrin məğlubiyyəti kimi izah edənlər də var. 

Screenshot_1.png

Sentyabrın 17-də baş nazir Nikol Paşinyan Sübhanin fəaliyyətinə görə təşəkkür edib və qeyd edib ki, son illər Ermənistan və İran arasında bütün sahələrdə əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Paşinyan Mehdi Sobhaninin bu prosesə şəxsi töhfəsini xüsusi qeyd edib. Eyni zamanda, Nikol Paşinyan ötən ay İran prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfərinin ikitərəfli münasibətlərin ardıcıl inkişafı və genişlənməsinə yeni təkan verdiyinin əhəmiyyətini vurğulayıb. Mehdi Sobhani həmçinin aktiv və məhsuldar dialoqa görə təşəkkür edib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin gücləndirilməsi üçün bütün səylərini əsirgəmədiyini vurğulayıb. Səfir “Dostluq” ordeni ilə təltif olunduğuna görə minnətdarlığını bildirib və qeyd edib ki, bundan sonra da Ermənistan və İran arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üçün əlindən gələni edəcək. Baş nazir səfir Sobhaniyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Sobhani sonuncunun diplomatik missiyasının başa çatması münasibətilə vida naharı verib. Qriqoryan səfirə təşəkkür edib və onun fəaliyyəti dövründə çoxşaxəli Ermənistan-İran münasibətlərinin yeni səviyyəyə yüksəldiyini vurğulayıb. Təhlükəsizlik Şurasının katibi səfiri “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir, öz növbəsində, konstruktiv əməkdaşlığa görə Təhlükəsizlik Şurasının katibinə təşəkkür edib və Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafı üçün bütün səylərini əsirgəmədiyini vurğulayıb. Səfir Ermənistanla bağlı yalnız isti xatirələrinin olduğunu da vurğulayıb.

 

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr