İsrail sentyabrın 9-da Qətərin paytaxtı Dohada Fələstinin "HƏMAS" hərəkatının nümayəndə heyətinin olduğu əraziyə ən azı 12 raket zərbəsi endirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri binada olan hərəkatın siyasi büro üzvü Qazi Həməd deyib.
"Danışıqçılar qrupu ilə mən yeni atəşkəs təklifini müzakirə etməyə başladıqdan bir saat keçməmiş, biz partlayış səsləri eşitdik. Bombardman çox güclü idi, bir dəqiqə ərzində bizə 12 raket atıldı", - Həməd bildirib.
Radikalların siyasi büro üzvü qeyd edib ki, Doha görüşündə iştirak edənlər guya bunun İsrailin hava hücumu olduğunu dərhal anlayıblar və vurulan binanı tərk edə biliblər.
Həməd həmçinin vurğulayıb ki, Vaşinqtonun İsrailin hərəkətlərini bəyənməsi Amerika tərəfinin etibarını sarsıdır və onun Qəzza üzrə dolayı danışıqlarda vasitəçilik qabiliyyətini şübhə altına alır.