AZ

BƏƏ prezidentinin Şuşaya səfəri niyə əhəmiyyətlidir? Deputat izah edir

ain.az bildirir, Modern.az portalına istinadən.

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər edib. Füzuli Beynəlxalq Hava Limanına eniş edən qonağı Prezident İlham Əliyev özü şəxsən qarşılayıb. İki ölkə liderləri arasında təkbətək və geniş tərkibli görüşlər olub, bir sıra sənədlər imzalanıb. Ölkə başçısı İlham Əliyev Azərbaycanla BƏƏ-nin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

BƏƏ Prezidentinin məhz Qarabağa gəlməsi diqqətçəkən nüansdır. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, BƏƏ Prezidentinin Qarabağa səfəri, ali qonağın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması xüsusi siyasi əhəmiyyət kəsb edir:

"Bu, ilk növbədə azad olunmuş ərazilərdə qurulan infrastrukturun bütün təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyir. Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda qurulan hava limanlarının təhlükəsizlik, beynəlxalq səfərlərin təşkili və turizmin inkişafı baxımından vacibliyini ön plana çıxarır.

Bakı ilə Əbu-Dabi arasında əlaqələr hər zaman yüksək səviyyədə olub. Hesab edirəm ki, səfər zamanı imzalanmış sənədlər də ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan 1 il sonra Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması siyasi münasibətlərin ali səviyyəyə qaldırılmasına hesablanıb. BƏƏ ilə Birgə Bəyannamədə müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair müddəalar əksini tapıb. Ən vacib məsələlərdən biri sənəddə milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyət olacağı təqdirdə məsləhətləşmələrin aparılması barədə maddənin yer almasıdır.

Təsadüfi deyil ki, Prezidentlərin görüşü zamanı diqqət yetirilən məsələlərdən biri regional təhlükəsizliyin təmin olunması idi. BƏƏ Prezidenti bu kontekstdə bəyan etdi ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır.

Ölkələrimiz bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir".

Parlamentari vurğulayıb ki, iqtisadi sahədə də qarşılıqlı maraq doğuran istiqamətlər kifayət qədərdir:

"Xüsusilə Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində BƏƏ strateji tərəfdaş və əsas investor kimi çıxış edir. Ölkəmizdə istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının BƏƏ investisiyaları hesabına reallaşdırılması strateji tərəfdaşlığın nümunəsidir.

Səfər zamanı imzalanan sənədlər və verilən bəyanatlardan aydın oldu ki, ikitərəfli əlaqələri gücləndirmək və genişləndirmək hər iki tərəfin marağındadır.

Qeyd etməliyik ki, BƏƏ hökuməti həmçinin işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətlərinə maliyyə dəstəyi göstərir. Bu, Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə bərpa proseslərinə verilən dəstəyin göstəricisidir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
modern.az

10Mənbələr