AZ

Bu qürur, bu tarixi qətiyyət Azərbaycanın dövlətçilik tarixində əbədiyyən xatırlanacaq


Ermənistan elan etmədən başladığı ədalətsiz – işğalçılıq müharibəsi ilə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Danışıqlardan yayınan, regiondakı mövcud status-kvonu saxlamağa çalışan bu işğalçı dövlət beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir, iri dövlətlərin tövsiyələrinə məhəl qoymurdu, yeni torpaqlar işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlarını, həmlələrini davam etdirirdi.

2020-ci il sentyabrın 27-də də belə bir hücum eləmişdi. Ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə almışdı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçmişdi. Bu hücum İkinci Qarabağ müharibəsinin ilk döyüşləri oldu. Azərbaycan Ordusunun hissələri ilk mövqe qələbələri qazandı, kəndləri, strateji əhəmiyyətli yüksəklikləri işağldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Azərbaycan Ordusu bu ədalətli müharibədə tarixi Zəfər qazandı. Üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat İkinci Qarabağ müharibəsinin şərti sonu idi. Azərbaycanın ərazi bütövlüyü hələ tam bərpa olunmamışdı. Ermənistan Bəyanatın şərtlərinə əməl etmirdi. Ermənistanın ordu hissələrinin qalıqları, Ermənistanın iradəsinə tabe olan silahlı dəstələr Xankəndinə, Xocalıya, Xocavəndə, Əsgərana çəkilmişdi. Bu ərazilərdən yenə hərbi əməliyyatlar aparmağa cəhdlər göstərirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə antiterror əməliyyatına başladı. “...Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər”.
Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silahhlarla, hərbi sursatlarla bərabər müxtəlif təyinatlı minalar da gətirilirdi, strateji məqsədlər üçün müxtəlif yerlərdə basdırılırdı.

Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulması ilə bağlı 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu...

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətmişdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı.

2023-cü il sentyabrın 20-də saat 13-də lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir, yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bu antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmənin 310 hərbi qulluqçusu öldürüldü, 614-ü yaralandı, 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında qeyd olunub ki, “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”. Bu qürur, bu tarixi qətiyyət Azərbaycanın dövlətçilik tarixində əbədiyyən xatırlanacaq. Tarixə görk olduğuna görə, tarixi haqq yoluna qaytardığına görə, azərbaycançılığın qüdrəti olduğuna görə...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Seçilən
0
3
newscenter.az

4Mənbələr