AZ

Almaniya mövqeyini dəyişdi:Rusiya pulları Ukraynaya yönələ bilər

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadəsinə dair mövqeyini dəyişib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla xəbər yayıb.

Hazırda Avropa İttifaqı ölkələri və G7 müttəfiqləri, Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə Rusiya dövlətinə məxsus dondurulmuş aktivlərdən əlavə maliyyə resursları əldə etməyin yollarını axtarır.

Təxminən 300 milyard dollar dəyərində olan bu aktivlərin böyük hissəsi Avropada yerləşir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu ayın əvvəlində etdiyi çıxışında bildirib ki, “Rusiya müharibəyə görə ödəməlidir” və bu məqsədlə yeni mexanizmlər hazırlanmalıdır.

Məlumatlı mənbələrin bildirdiyinə görə, əvvəllər Avropanın maliyyə sabitliyini və dövlət toxunulmazlığını qorumaq naminə ehtiyatlı mövqe tutan Almaniya artıq bu fondlardan maksimum gəlir əldə etməyin əsas tərəfdarına çevrilib.

Berlinin bu mövqe dəyişikliyi, ABŞ-da Donald Trampın mümkün qayıdışı və Vaşinqtonun Ukraynaya dəstəyinin azalması ehtimalı fonunda baş verib. Belə bir vəziyyətdə Ukraynanın dəstək yükünün Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın üzərinə düşəcəyi gözlənilir. Bu isə Almaniyada ifrat sağçı partiyaların reytinqlərinin artmasına təkan verə bilər.

Qeyd olunur ki, bu dəyişiklik Rusiya aktivlərinin tam müsadirəsi demək deyil. Lakin ABŞ və bəzi Şərqi Avropa ölkələrinin israr etdiyi bu yanaşmaya doğru əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr