AZ

“Tonlarla kabelləri çıxarıb satırlar, amma maaşımızı artırmırlar” – “Aztelekom”dan iddialara CAVAB

“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar maaşlarının uzun illərdir artırılmamasından şikayətləniblər.

KONKRET.az xəbər verir ki, qovşağın Cari planlama sektorunda 1996-cı ildən texnik kimi çalışan Vəliyeva Zülfiyyə redaksiyamıza müraciətində bildirib ki, artıq 29 ildir müəssisədə işləyir, amma son 11 ildə əməkhaqqlarında heç bir dəyişiklik olmayıb:

“Hazırda maaşım 552 manatdır. Bu, təkcə mənim yox, bütün işçilərin problemidir. Dəfələrlə rəhbərliyə müraciət etmişik, hətta Aztelekom MMC-nin baş direktorunun qəbulunda olmuşuq. Amma deyirlər ki, onların səlahiyyəti çatmır. Bizim maaş artımı yalnız nazirin əmri ilə ola bilər, amma 11 ildir Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən belə bir sərəncam verilmir”.

Şikayətçi iddia edir ki, qurum gəlirli sahələrdən biri olmasına baxmayaraq, bu gəlirdən əməkdaşlara pay çatmır.

“Aztelekom SOCAR-dan sonra gəlirinə görə ikinci yerdədir. Hazırda Sumqayıtda genişmiqyaslı “gifonlaşma” layihəsi çərçivəsində tonlarla kabellər çıxarılır və satılır, amma o gəlirdən işçilərə heç bir bonus verilmir. Ən çox maaş alan əməkdaş 600–650 manata qol çəkir. Yalnız şöbə müdirləri əlavə bonuslar alır”.

Şikayətçilərin sözlərinə görə, işçilər maaş artımı məsələsini qaldıranda onlara “struktur dəyişikliyi olacaq, danışmayın” deyə xəbərdarlıq edilir.

KONKRET.az məsələ ilə bağlı “Aztelekom” MMC-yə sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq olunur:

“Məlumat üçün bildiririk ki, “Aztelekom” MMC-də əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq edilir. Sonuncu dəfə bu artımlar 2025-ci ilin 1 yanvar tarixində həyata keçirilib. Bundan əlavə, “Aztelekom” MMC-nin maliyyə imkanları və biznes tələbləri nəzərə alınmaqla əməkhaqqı artımı istiqamətində müvafiq addımlar atılır. Bununla yanaşı, əməkdaşların mükafatlandırılması üçün cəmiyyət daxilində mexanizmlər mövcuddur və bu çərçivədə mütəmadi tədbirlər həyata keçirilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr