AZ

16 yaşında zədələnən, 10 il sonra əməliyyat olunan idmançımız: "Lazımi müalicələr ölkəmizdə yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sağaldıqdan sonra ağır atletikaya qayıtmaq niyyətindəyəm".
Bunu Oxu.Az-a müsahibəsində ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionu olan Rüstəm İmanzadə deyib. O, 2014-cü ildə Kiprdə aldığı zədədən və sağalmaq şanslarından danışıb.
Onunla müsahibəni təqdim edirik:
- Ağır atletikaya marağınız necə və nə zaman başladı?
- Azərbaycanda bu idman növünün "vətəni" Lənkəran şəhəri sayılır. Çünki ölkənin ən güclü atletləri məhz buradan çıxıb. Mənim qohumum ağır atletika ilə məşğul idi. Məni də həvəsləndirib özü ilə məşqlərə apardı. Sonradan o, həmin idman növü ilə vidalaşdı. Lakin mən yoluma burada davam etdim. Artıq 4-cü ayımda çempion olmağı bacardım. Uğurların ardı-arası kəsilmədi, çıxdığım hər yarışda birinci yerin sahibi oldum. Həmin nəticələr ağır atletikaya marağımı daha da artırdı.
- Bilirik ki, ağır atletikada həyatından film çəkiləcək qədər məşhur idmançılar olub. Bəs siz kimi özünüzə kumir seçmisiniz?
- Həmin dövrdə sosial şəbəkə bu qədər irəliləməmişdi. Bu səbəbdən indiki kimi rahatlıqla həmin insanları izləyə bilmirdik. Mən də heç vaxt kimisə kumir tutub irəliləməmişəm. Lakin sonradan Qazaxıstan təmsilçisi İlya İlyini izləməyə başladım. Onun texnikası, gücü məni valeh etdi.
- Atletlərin bəzilərində birdənqaldırma, bəzilərində isə təkanlaqaldırma daha üstün olur. Sizdə necədir?
- Düzünü desəm, məndə hər ikisi idealdır. Hər ikisi paralel səviyyədə olduğu üçün uğurlar qazandım.
- Yaşca özünüzdən böyük idmançılarla mübarizə apardığınızı eşitmişəm. Həmin turnirlərlə bağlı nə deyə bilərsiniz?
- 2014-cü ilin noyabr ayının əvvəllərində böyüklər arasında ağır atletika çempionatında iştirak etdim. 35 yaşa qədər olan idmançıların arasında ən kiçik mən idim. Cəmi 16 yaşım vardı (gülür). Bu məsələ hətta xəbərlərə də çıxmışdı.
- Bir çox idmançı ilə aranızda 19 yaş fərq olub.
- Həmin turnirdə 44 iştirakçı mübarizə aparırdı. Mən turniri 11-ci pillədə başa vurdum. Həmin uğur mənim üçün çox böyük idi. Çünki özümdən 19 yaş böyük insanlarla mübarizə aparmaq, 33 nəfəri geridə qoymaq asan məsələ deyil. Həm də bu yarış Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.
- Bəs nə üçün Olimpiadaya yollana bilmədiniz?
- Həmin yarışdan 20 gün sonra məni gənclər arasında turnirə yolladılar. Lakin yaşım yeniyetmələrin yarışına uyğun idi. Bu turnirdə isə yaş kontingenti 23-ə qədər olur. Ağır atletika elə idman növüdür ki, nə qədər çətin olduğunu özünüz də anlayırsınız. Burada yarışlar arasında minimum 2-3 ay fasilə olmalıdır. Atlet turnirdən sonra bərpa prosesi keçməlidir. Buna fikir verən olmadı və məni yarışa apardılar. Həmin turnirdə 148 kq çəkini qaldırarkən dəmir qoluma düşdü və ciddi zədə aldım.
- Bu tip yarışlara getməyi özünüz istəyirdiniz, yoxsa məcburiyyətdən belə alınırdı?
- Bəzən həqiqətən güclü idmançı olmaq insana ciddi problemlər yaşadır. Çünki ölkədə yeniyetmələrdə də, gənclərdə də 60 kq çəki dərəcəsində ən güclü mən idim. Buna baxmayaraq, yarışa getməyimə icazə verməməliydilər. Gələcəyim qarşıdaydı, ora getməyim məcburi deyildi. Həmin insanlar öz məsələləri irəliləsin deyə məni apardılar.
- Federasiyada ciddi zədə ala biləcəyini, karyeranın bitmə ehtimalının olduğunu deyən olmadı?
- Təəssüf ki, xeyr. Mənim də 16 yaşım vardı. Həvəsimin ən üst səviyyədə olduğu zamanlar idi. Nə qədər yarışa göndərsələr, hamısına gedəcəkdim.
- Həmin yaşda 148 kq çəkini qaldırmağa necə cəsarət etmisiniz?
- Məşqlərdə daha çox çəki ilə hazırlıqlarım olurdu. 155, 160 kq çəkiləri qaldırdığım olub. Hətta 2014-cü ildə dünyanın ən çox ağırlıq qaldıran idmançısı seçildim. Həmin yaşda bu çəkini qaldıran olmamışdı.
- Bu qədər uğuru olan və gələcək vəd edən idmançı ciddi zədə aldı. Federasiya sizə necə yardım etdi?
- Bir müddət yardım göstərdilər. Sonradan onu da etmədilər. Maddi köməklikdən söhbət getmir. Müalicəmə dəstək oldular. Lakin mənim müalicəm elədir ki, daimi olmalıdır. Sağalana qədər daim reabilitasiya olunmalıyam. 10 ildir ki, gəzə bilmirəm. Həmin müddətdə federasiyanın nəzarəti altında qaldım. Göndərirdilər, gətirirdilər, nəticədə heç nə olmurdu. Bu da müalicəm üçün mənfi nüansdır. Sağalana qədər xəstəxanada qalmalıyam. Xarici ölkəyə aparırdılar, sonra Azərbaycana gətirib başdan edirdilər.
- Gənclər və İdman Nazirliyi də yardım etmədi?
- Sağ olsunlar, son 1 ildə yardım etdilər. Məni əməliyyata da göndərdilər. Aprel ayının 27-də əməliyyat oldum. Bunun davamında reabilitasiya dövrü olmalıdır. Həmin müalicələr Azərbaycanda yoxdur. Bu səbəbdən xaricdə reabilitasiya olunmalıyam. Lakin bunun üçün mənə dəstək olmurlar. Nazirliyə yenidən müraciət etsəm də, bunun üçün büdcələrinin olmadığını bildirdilər. Əməliyyatdan 4 ay keçsə də, reabilitasiya başlamayıb. Ötən il haqqımda çəkilən filmin təqdimat mərasimi keçirildi. Orada hər kəs mənə dəstək olacağını bildirdi. Lakin hazırda heç kim mənə yardım etmir. Belə davam etsə, çox utansam da, sonuncu variant kimi kart hesabı açıb insanlardan dəstək istəyəcəyəm.
- Nazirliyin büdcəsinin olmaması nə dərəcədə realdır?
- Tək istəyim sağalıb idmana qayıtmaqdır. Heç kəsdən pul istəmirəm. Sadəcə əməliyyata göndərdikdən sonra davamının olmasını xahiş etdim. Son sözləri bunun üçün büdcənin olmamasıdır.
- Müalicə üçün hansı ölkəyə yollanmalısınız? Təxmini nə qədər vəsait lazımdır?
- Aylıq təxminən 8-9 min dollar lazımdır. Həmin reabilitasiya üçün Avropa ölkələrində kifayət qədər güclü mütəxəssislər var. Moskvada qiymət baxımından aşağı olan fizioterapevtlər var. Məni əməliyyat edən həkim bildirdi ki, Rusiyada qiymət ucuz olsa da, keyfiyyət yüksəkdir.
- Həkimlə daim ünsiyyətdəsiniz? Durumunuzla bağlı rəyi necədir?
- Bəli, daim mənimlə əlaqə saxlayır. Hər dəfə əməliyyatdan sonra müalicələrin dayanmasına iradını bildirir. Nəticəni almaq üçün reabilitasiyanın vacibliyini vurğulayır.
- Sağaldıqdan sonra hədəfləriniz nələrdir?
- Yenidən ağır atletikaya başlamaq niyyətindəyəm. Çünki qazanmadığım Olimpiada medalı qalıb. Bayrağımızı yüksəklərə qaldırmaq hissini dadmışam. O möhtəşəm hissləri yenidən yaşamaq istəyirəm. Bəlkə də ağır atletikaya həvəsim olmasa, indi sağalmaq üçün bu qədər çapalamırdım.
Uğurlu idmançı olsam da, hazırda kənarda qalmışam. Cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti hər zaman üzərimizdədir. Prezident 2023-cü ildə baş tutan görüşümüzdə mənə ev hədiyyə etdi. Çox istəyərdim ki, bu məsələni onun özünə bildirim.
Aqil Vəlili
Seçilən
47
30
oxu.az

10Mənbələr