AZ

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? - Ekoloqdan açıqlama

Ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub.

Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan sahillərində də baş verə bilərmi?

"Unikal" xəbər verir ki, ekoloq Cavid Hüseynov bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensiv burulğanların yaranma ehtimalı istisna edilmir.

Bununla belə tornadonun, praktiki olaraq, qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.

"Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta çoxmərtəbəli tikililərə ciddi ziyan vura bilir".

Niyə məhz sentyabrda?

Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da, 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da, dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.

Qeyd edək ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur. Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər. Əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur.

Seçilən
26
13
unikal.az

10Mənbələr