AZ

Deputat: "Hindistan Ermənistanı silahlandırmaqla sülhə qarşı olduğunu ortaya qoyub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məlum olduğu kimi, Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının da iştirakçısı olub. "ŞƏT Plyus" formatında keçirilən iclasda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağlarının mövcudluğunu bildirərək, eyni zamanda, bu əlaqələrin dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd etdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O, toplantıda Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük müraciətini yenidən bloklamasına münasibət bildirib:
"Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklamaqla qurumun siyasətinin əleyhinə mövqe ortaya qoydu. Bu addımın Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlı olduğu bildirilsə də, əslində, Hindistan bununla çoxtərəfli diplomatiya prinsiplərinə zidd, cılız və qərəzli siyasət həyata keçirdiyini nümayiş etdirdi".
"Azərbaycan və Pakistan arasında mövcud olan yüksəksəviyyəli münasibətlər, tərəflərin hər zaman biri-birini dəstəkləməsi Hindistanı narahat edir. Prezident İlham Əliyev Tiencin şəhərində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyərək, Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür", - deputat vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Hindistanın qərəzli siyasəti bununla bitmir:
"Bu ölkə Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişəni qızışdırmaq siyasətini dəstəkləyib, Ermənistanı silahlandırmaqla sülhə qarşı olduğunu ortaya qoyub. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün böyük əhəmiyyət kəsb edən dövlətdir. Ölkəmizin coğrafi mövqeyi, tranzit-logistika imkanları, resursları, geosiyasi əhəmiyyəti ŞƏT üçün böyük önəm kəsb edir. Deməli, Hindistan həm də ŞƏT-in maraqlarına qarşı çıxır. Bu isə təşkilat daxilində Hindistana qarşı mənfi münasibət formalaşdıracaq".
Mərahim Nəsib
Seçilən
43
50
oxu.az

10Mənbələr