ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Alyaska görüşündən sonra Ukraynada sülhün əldə ediləcəyinə dair ümidlər deyəsən artıq puça çıxmaq üzrədir.
Lavrovun təkzib mesajı
Rusiya xarici işlər naziri Sergey Lavrovun Putin-Zelenski görüşü ilə bağlı açıqlaması isə Moskvanın sülhə maraqlı olmadığını aydın şəkildə ortaya qoyub.
“Moskva Ukrayna ilə istənilən formatda danışıqları davam etdirməyə hazırdır, lakin liderlər arasında görüş yalnız ciddi hazırlıqdan sonra keçirilməlidir və danışıqlar prosesinə yekun vurmalıdır”, - deyə Lavrov bildirib.
Lavrov Putinin Donald Trampla telefon danışığında Zelenski ilə görüşə razılaşması ilə bağlı açıqlamalara da münasibət bildirib.
Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukrayna ilə danışıqların davam etdirilməsi və nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsinin artırılması təklifini irəli sürüb.
“Tramp bu ideyanı müsbət qarşıladı. Biz gözləyirik ki, o, bunu Kiyev nümayəndələrinə də çatdıracaq və onların reaksiyasını alacağıq”, – deyə Lavrov əlavə edib.
Bu isə faktiki olaraq iki həftə ərzində görüşün baş tutması ehtimalının minimuma endirib.
Rusiyadan dəhşətli hücum
Dünyanın sülhdən danışdığı bir vaxtda Rusiya bu gecə Ukraynaya genişmiqyaslı raket-PUA hücumu reallaşdırıb. Bu dəfə Ukraynanın qərb bölgələri (Zakarpatiya) hədəf alınıb. Hücumlar zamanı “Kinjal” və “Kalibr” tipli raketlərdən istifadə olunub.
Nəticədə, Lvov, Luçsk, Pavloqrad şəhərləri, Zaporojye və Dnepropetrovsk vilayətlərində ciddi dağıntılar qeydə alınıb.
Bütün bunlar isə Moskvanın sülh danışıqlarında maraqlı olmadığı ehtimalını gücləndirir.
Belə vəziyyətdə görsən, Qərb indi hansı addımları atacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, yaranmış vəziyyətdə Qərbin ancaq bir çıxış yolu qalır:
“Rusiya bu dəfə də danışıqlardan imtina etsə, Qərb Ukraynaya göstərdiyi hərbi-maliyyə yardımları əsaslı şəkildə artırmalı olacaq. Başqa bir yol isə dəstəyi dayandıraraq, Ukrayna üzərində alver etməkdir. Bu halda Ukrayna təslim təkliflərini rədd edəcək. Qərb daxilində isə parçalanma dərinləşəcək”.
Ekspert qeyd edir ki, Avropa Ukraynanı müdafiə etməyə məhkumdur:
“Onlar anlayır ki, Kiyev təslim olsa, bütün Avropa Moskvanın diktəsi altına düşəcək. Ona görə də Avropa Amerika ilə müqayisədə Kiyevi daha ardıcıl şəkildə müdafiə edir”.
Politoloqun fikrincə, Ukraynanın müdafiəsi məsələsində Qərbdə parçalanma yaransa, bu Qərbə qarşı oynayan qüvvələrə yeni imkanlar verəcək:
“Putin qələbəni qətiləşdirmək üçün hücum əməliyyatlarını genişləndirəcək. Belədə Qərbdə Kiyevə göstərdiyi hərbi-maliyyə yardımını genişləndirməyə məhkumdur. Mövcud vəziyyətdə başqa çıxış yolu yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta