Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
“Əsas məqsədimiz Ukrayna və bütün Avropa üçün etibarlı və davamlı sülhdür. Bütün görüşlərimizin dinamikasının məhz bu nəticəyə gətirib çıxarması vacibdir”, - Ukrayna lideri qeyd edib.
Zelenski qətllərin dayandırılmasının vacibliyini vurğulayıb, etibarlı və ləyaqətli sülhün bərqərar olması üçün çalışan tərəfdaşlara təşəkkür edib.
“Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə birlikdə Prezident Trampla görüşdən əvvəl mövqelərimizi razılaşdırdıq. Ukrayna real atəşkəsə və yeni təhlükəsizlik arxitekturasının yaradılmasına hazırdır. Bizə sülh lazımdır”, - Ukrayna prezidenti bildirib.