AZ

Avropa panikada: Zelenski ‘‘xilasedicilər dəstəsi’’ ilə Ağ Evə yürüşə BAŞLADI

Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş bütün dünyanın diqqət mərkəzindədir. Bəzi ekspertlər bu görüşü Alyaskada keçirilən Tramp-Putin sammitindən vacib hesab edir.

Görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsinin gələcəyi, təhlükəsizlik zəmanətləri və atəşkəs var. Tramp son açıqlamalarında atəşkəs deyil, məhz sülh müqaviləsi istədiyini bildirib. Bu isə Moskvanın torpaq tələblərinin yenidən gündəmə gətirilə biləcəyi barədə narahatlıqları gücləndirib.

Dünya mediası yazır ki, Zelenski əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə “təklənməmək” üçün Vaşinqtona yalnız getmir.

Qeyd edək ki, Ağ Evdə Trampla Zelenski arasında keçirilən sonra görüş qalmaqalla yadda qalıb.  Tramp və vitse-prezident Cey Di Vens Zelenskiyə sərt tənqidlər yönəldib, görüş gərgin ab-havada nəticəsiz başa çatıb. 

ABŞ mediası qeyd edir ki, Zelenskiyə dəstək məqsədilə Avropanın bir sıra dövlət başçıları və hökumət nümayəndələri də Vaşinqtona yollanır. Onlar Ukraynanın mövqeyinin zəifləməsinə yol verməmək üçün Zelenski ilə birlikdə Ağ Evdə olacaqlar. Avropalı diplomatlardan biri qeyd edib ki, belə səviyyədə “təcili diplomatik səfər” son dəfə İraq müharibəsi öncəsi müşahidə olunub. Bu səfər Qərb paytaxtlarında mövcud panikanın və Tramp-Putin yaxınlaşmasından doğan qorxuların göstəricisidir.

Fransız mətbuatı xatırladır ki, Zelenski artıq bir dəfə Ağ Evdə fiasko ilə üzləşib. Tramp onu açıq şəkildə zəif mövqedə olan lider kimi göstərmişdi. İndi isə vəziyyət daha mürəkkəbdir. Çünki Tramp artıq Putinin irəli sürdüyü “ümumi sülh sazişi”ndən danışır. Bu sazişdə Rusiya öz mövqeyini möhkəmləndirə bilər, halbuki Zelenski yalnız müvəqqəti atəşkəs və müdafiə təminatları istəyir. "Le Figaro" yazır ki, Zelenski bu dəfə Ağ Evdə öz səsini eşitdirmək üçün çox ağır mübarizə aparmalı olacaq.

Britaniyanın "The Independent "nəşri xəbərdarlıq edir ki, Zelenski bu dəfə də Ağ Evdə “pusquya” düşə bilər. Məqalədə qeyd olunur ki, Trampın üslubu çox sərtdir və o, tez-tez danışıqları şəxsi üstünlüyünü nümayiş etdirmək üçün alətə çevirir. "Zelenski Oval kabinetdə özünü “məktəb həyətində tək qoyulmuş uşaq kimi” hiss edə bilər, çünki Trampın Putinə güzəşt etməsi ehtimalı hələ də realdır", - nəşr qeyd edib.

Avropa mediası isə diqqəti başqa məqama yönəldir: Zelenski tək deyil. "Politico" yazır ki, Avropa liderləri Vaşinqtonda Ukrayna prezidenti ilə yanaşı masaya oturmaqla Trampın Rusiyanın torpaq tələblərinə razılıq verməsinin qarşısını almaq istəyirlər. Xüsusən də Avropa üçün bu görüş “sülh prosesinin taleyini müəyyənləşdirə biləcək” mərhələ sayılır. Nəşr qeyd edir ki, fevral ayında baş tutan Zelenski–Tramp görüşünün uğursuz nəticələri danışıqları bir neçə ay geriyə salmışdı. Avropa indi eyni səhvin təkrarlanmamasına çalışır.

"The Economist" isə xəbərdarlıq edir ki, “Tramp–Putin paktı” ehtimalı hələ də gündəmdədir. Nəşrin analitikləri bildirirlər ki, Tramp müharibəni özünün “tarixi diplomatik qələbəsi” kimi təqdim etmək üçün Zelenskiyə böyük təzyiq göstərə bilər. Bu isə Avropanı və Ukraynanı çox çətin seçim qarşısında qoyacaq: ya Rusiyanın istədiyi güzəştlərə getmək, ya da ABŞ-ın dəstəyini itirmək. The Economist yazır ki, hazırda Avropa üçün təhlükə ən yüksək həddədir və Zelenskinin hər bir addımı tarixi nəticələr doğura bilər.

Zelenskinin Ağ Evdəki görüşü sadəcə ikitərəfli danışıqlar deyil, həm də Qərbin Ukrayna məsələsində birliyinin sınağıdır. Bir tərəfdə Putinin “böyük sazişi”, digər tərəfdə isə Avropanın panik içindəki dəstəyi dayanır. İndi əsas sual budur: Zelenski Ağ Evdə bu dəfə də “siyasi pusqu”dan çıxmağı bacaracaqmı?

Seçilən
56
50
modern.az

10Mənbələr