AZ

Ursula Fon der Lyayen: “Ukrayna Avropanın dəstəyinə güvənə bilər”

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Ağ Evə səfəri ərəfəsində Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib. O bəyan edib ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı mübarizədə Avropa İttifaqının dəstəyinə arxalana bilər.

Fon der Lyayen vurğulayıb ki, Aİ Moskvaya diplomatik və iqtisadi təzyiqləri davam etdirəcək, o cümlədən sanksiyaları gücləndirəcək: “Biz Ukraynanı ədalətli və davamlı sülh əldə olunana qədər dəstəkləyəcəyik. Bu sülh yalnız güc və qətiyyət yolu ilə təmin oluna bilər”.

Onun sözlərinə görə, Aİ artıq 18 sanksiya paketi qəbul edib və 19-cu paketin sentyabrın əvvəlində təsdiqlənməsi gözlənilir: “Sanksiyaların effektivliyini görürük. Bloklanmış Rusiya aktivlərinin bir hissəsi artıq Ukraynanın xeyrinə işləyir. Biz Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi davam etdirəcəyik”.

Fon der Lyayen əlavə edib ki, bu mövzu ABŞ Prezidenti Donald Trampla da müzakirə olunacaq: “Sabah Ağ Evdə keçiriləcək görüşdə bütün bu və digər məsələləri gündəmə gətirəcəyik. Bu, Ukraynanın öz taleyini həll etdiyi bir məqamdır və o, Avropaya güvənə bilər”.

Aİ rəhbəri həmçinin bildirib ki, Ukraynaya güclü təhlükəsizlik təminatları verilməlidir: “Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü qorumalıdır. Onun Silahlı Qüvvələrinə heç bir məhdudiyyət qoyula bilməz – istər xarici yardımla, istərsə də əməkdaşlıqla bağlı olsun. Ukrayna elə bir ‘polad kirpi’yə çevrilməlidir ki, heç bir düşmən onu həzm edə bilməsin”.

Fon der Lyayen ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün “NATO-nun 5-ci maddəsinə bənzər” təhlükəsizlik zəmanəti ideyasını da müsbət qiymətləndirib:
“Arzulayanların Koalisiyası və Avropa bu təşəbbüsə töhfə verməyə hazırdır. Biz bilirik ki, Avropanın müdafiəsi ilk növbədə bizim məsuliyyətimizdir. Təhlükəsizlik mexanizmləri vasitəsilə əminik ki, həm üzv dövlətlərin, həm də Ukraynanın müdafiə ehtiyacları qarşılanacaq”.

Aİ rəhbərinin sözlərinə görə, bu xüsusilə dronlar sahəsində dəstəyi əhatə edəcək. O əlavə edib ki, Ukrayna Avropa İttifaqına inteqrasiya yolunda dəstəklənəcək, çünki bu, həm də təhlükəsizlik zəmanəti deməkdir.

Fon der Lyayen Aİ-nin Ukraynanın ərazi bütövlüyü məsələsində mövqeyini də aydın ifadə edib: “Beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirmək olmaz. Bu, yalnız Ukraynanın qərar verə biləcəyi məsələdir və həmin qərarlar Ukraynanın iştirakı olmadan masa arxasında qəbul oluna bilməz”.

S.ELAY

XQ

Seçilən
28
50
xalqqazeti.az

10Mənbələr