"İki gündən sonra bizi çox vacib oyun gözləyir".
Teleqraf-ın məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirəcəkləri ilk pley-off matçından öncə deyib.
İrlandiyalı mütəxəssis bildirib ki, ölkə çempionatının IV turunda "Puşkaş Akademiyası"na 1:2 hesablı ev məğlubiyyətindən məyus olmağa və başlarını aşağı salmağa dəyməz: "Bu görüşdə mən əvvəllər az çıxış etmiş 10 futbolçuya şans verdim. Bir çox oyunçumuz istirahət etdi. İrəli baxmalıyıq".
Bununla belə, Kinin fikrincə, "Puşkaş Akademiyası"na qalib gəlmək lazım idi: "Artıq biz yalnız qarşıdakı matça köklənməliyik".
Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" komandaları arasındakı ilk oyun avqustun 19-da "Groupama Arena"da keçiriləcək. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.