Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.
Bakues.az xəbər verir ki, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.
Rəqsanə İsmayılovanı hansı cəza gözlədiyi haqda AZXEBER.COM-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov müğənnini əmlak mənimsəmədə ittiham olunduğunu deyib:
“Müğənni Rəqsanə İsmayılova barəsində başlanılmış cinayət işində ona qarşı irəli sürülən ittiham dələduzluq cinayəti ilə bağlıdır və istintaq materiallarına görə o, vətəndaşlara ümumilikdə 919.000 manat (520.000 ABŞ dolları ekvivalentində 884.000 manat və əlavə 35.000 manat dəyərində qızıl-zinət əşyaları) məbləğində ziyan vurmaqla əmlak mənimsəməsində ittiham olunur.
Hüquqi nəzəriyyəyə əsasən, dələduzluq cinayətinin mahiyyəti şəxsin etibardan sui-istifadə etməklə və ya yalançı, aldadıcı məlumatlardan istifadə etməklə özgənin əmlakını və ya əmlak hüquqlarını qanunsuz olaraq ələ keçirməsidir. Bu halda cinayət predmeti yalnız maddi əmlak deyil, həm də əmlak hüquqları ola bilər və bu, cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır.
Cinayət subyektinin davranışında əsas element qarşı tərəfin aldadılaraq iradəsinin təhrif edilməsidir, yəni zərərçəkmiş şəxs könüllü olaraq əmlakını təqsirkara ötürür, lakin bu, aldadıcı və ya etimadın pozulması yolu ilə baş verir”.
Vəkil həmçinin bildirib ki, Rəqsanə İsmayılovanı 10 ildən 14 ilədək həbs cəzası gözləyir:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq cinayətini dörd pillədə təsnif edir: sadə tərkib (178.1), ağırlaşdırıcı hallar (178.2), daha ağır hallarda törədilmə (178.3) və ən yüksək ictimai təhlükəli vəziyyət olan “xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmə” (178.4). Hüquqi izaha əsasən, “xüsusilə külli miqdar” anlayışı 500.000 manatdan artıq ziyan halları üçün tətbiq olunur.
Rəqsanə İsmayılova işində müəyyən edilən məbləğ bu həddi xeyli aşdığından, ittihamın yalnız CM-nin 178.4-cü maddəsi ilə tövsif olunması mümkündür. Həmin maddə isə alternativ sanksiyalar nəzərdə tutmur və yalnız 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edir. Deməli, ittiham sübuta yetiriləcəyi halda, müğənnini məhz bu müddət aralığında cəza gözləyir və məhkəmə yekun hökmü çıxararkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, vurulan ziyanın miqyasını, eləcə də mövcud yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə almaqla konkret cəzanı fərdiləşdirəcəkdir”.