AZ

Alyaskada üç saatlıq Tramp-Putin zirvəsi nəticəsiz başa çatdı - Ukrayna məsələsində razılaşa bilmədilər…


ABŞ-ın Alyaska ştatında ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında tarixi sammit keçirilib. Üç saata yaxın davam edən görüşdən sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.

Putin danışıqların qarşılıqlı anlayış içərisində keçdiyini deyib: “İkitərəfli münasibətlərimiz soyuq müharibədən bəri ən pis dövrünü yaşayırdı. Bunun nə ölkələrimizə, nə də dünyaya faydası olmadı".

"Ukraynadakı vəziyyət milli təhlükəsizliyimizə təhdiddən qaynaqlanır" deyən Putin bildirib ki, müharibəyə son qoymaq hər iki xalqın xeyrinədir. “Biz Avropada və dünyada sülh və təhlükəsizlik dövləti yaratmaq istəyirik. Biz Ukrayna xalqını həmişə qardaş xalq(?) hesab etmişik" - deyə o əlavə edib.

Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərin son dərəcə dəyərli olduğunu deyən Putin bildirib ki, münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır: “Təbii ki, Ukraynanın təhlükəsizliyini də təmin etməliyik. Ümid edirik ki, Kiyev və Avropa ölkələri prosesi sabotaj etməyəcək".

Putin Trampın “Mən olsaydım, müharibə olmazdı” ifadəsi ilə razılaşdığını da bildirib.

Prezidenti Tramp isə mühüm məsələlərdə Putinlə həmfikir olduğunu bildirib: “Görüş çox məhsuldar keçdi. Biz böyük irəliləyiş əldə etdik. Bir çox məsələlərdə razılığa gəldik. Bununla belə, bir sıra mühüm məsələlərdə hələ tam razılığa gələ bilməmişik. Ukrayna ilə bağlı hələ ki, heç bir razılaşma yoxdur və razılaşma olana qədər biz “razılaşdıq” deməyəcəyik. NATO və Zelenskiyə zəng edəcəyəm. Növbəti dəfə Moskvada görüşəcəyik”.

Putinlə zirvə görüşündən sonra Tramp Ukrayna prezidenti Zelenskiyə və Avropa liderlərinə zəng edib.

XXX

23:55

Bütün dünyanın diqqəti ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin kritik görüşünə yönəlib.

İki lider ilk dəfə ABŞ torpaqlarında, Alyaskada bir araya gəlir. Yeddi ildən sonra baş tutan görüşə ilk olaraq ABŞ prezidenti Trampı daşıyan Air Force One eniş edib. Ardınca Rusiya prezidenti Vladimir Putinin təyyarəsi görüşün keçirildiyi Elmendorf-Riçardson aviabazasına enib.

Liderlər üçün hazırlanmış qarşılanma meydançasının hər iki tərəfində dörd ədəd beşinci nəsil F-22 Raptor döyüş təyyarəsi düzülüb. Heç bir ölkəyə, o cümlədən İsrailə belə satılmayan bu beşinci nəsil təyyarələr ABŞ-ın hava üstünlüyünün simvolu kimi diqqət çəkir.

Liderlər əl sıxarkən səmada güc nümayişi kimi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcıları və strateji B-2 Spirit stels bombardmançıları alçaqdan baza üzərində uçuş keçiriblər.

İki lider əl sıxşdıqdan sonra üzərində “Alyaska 2025” sözləri yazılmış platforma üzərində birlikdə şəkil çəkdiriblər. Hər iki lider daha sonra eyni avtomobilə minərək görüşün keçiriləcəyi məkana gediblər.

Daha sonra liderlə arasında görüş başlayıb. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff da iştirak edir.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, xüsusilə də 3 ildir davam edən Ukrayna böhranının həlli məsələlərinin müzakirəsi planlaşdırılır. Sammitdən sonra ortaq mətbuat açıqlaması gözlənilir.

Onu da vurğulayaq ki, Tramp əvvəlcədən görüş yaxşı getmədiyi təqdirdə bölgəni tərk edəcəyini bəyan edib. Prezident təyyarəsində jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Alyaska sammiti uğursuz olarsa, Rusiya "ciddi nəticələrlə" üzləşə bilər. O, həmçinin bəyan edib ki, Rusiyada iqtisadi vəziyyət “yaxşı deyil”. "Mən bunu özüm üçün etmirəm, buna ehtiyacım yoxdur. Diqqətimi ölkəmə yönəltmək istərdim, amma bunu çoxlarının həyatını xilas etmək üçün edirəm", - deyən ABŞ prezidenti Vaşinqtonun Ukrayna adından danışıqlara getməyəcəyini bildirib: "Biz onlarla [ukraynalılarla] danışacağıq, amma mən Ukraynanın öz qərarını verməsinə icazə verməliyəm və düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Amma mən Ukrayna adından danışıqlar aparmaq üçün deyi, onları danışıqlar masasına oturtmaq üçün buradayam".

Bir jurnalistin görüşdən bir gün əvvəl Rusiyanın çoxs sayda dronla Ukraynaya hücumlarına diqqət çəkib və Trampdan buna münasibətini öyrənib.

Tramp isə deyib: “Məncə, o, danışıqlar aparmağa çalışır. O, bazarlıq mövqeyini gücləndirəcək bir mühit yaradır. Əslində, bu, ona (Putin) zərər verir, lakin o elə düşünür ki, bu, ona daha yaxşı anlaşma əldə etməyə kömək edir. Ola bilsin ki, bu, onlarda belədir, bəlkə də genlərində var, o, bu yolla danışıq gücü əldə etdiyini düşünür. Düşünürəm ki, bu, əks nəticə verir, amma bu barədə onunla sonra danışacağam”.

TAHİR

Seçilən
7
50
baki-xeber.com

10Mənbələr