AZ

Ermənistan silahlı qüvvələrinin Zəngilana hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Bakı. TurkicWorld:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 15-də davam etdirilib.

TurkicWorld xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonunun Yuxarı Yeməzli kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran L.İsmayılova polis əməkdaşı olan qardaşı İsmayıl Barat oğlu İsmayılovun 1993-cü il oktyabrın 25-də digər 6 polislə birlikdə Cəbrayıl rayonunun Dərzili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.

B.Quliyeva müdafiə tərəfinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.

İdris Mirzalıyev ifadəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında iştirak edib, döyüşlər zamanı Zəngilanda və Tərtərdə yaralanıb.

Xavər Şükürova ifadəsində 1993-cü ilin oktyabr ayında Zəngilan rayonunun Havalı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün düşdüyünü deyib.

Məleykə Hüseynova Ermənistan silahlı qüvvələrinin hücumları səbəbindən yaşadığı Zəngilan rayonunun Şərikan kəndini 1992-ci il dekabrın 10-da tərk etdiklərini, kəndin işğal olunduğunu deyib. Onlar Zəngilanın digər ərazisində məskunlaşıblar. 1993-cü ilin oktyabrında rayon işğal edilərkən Araz çayından keçərək xilas olublar. Qardaşı isə Ermənistan ordusuna qarşı döyüşlər zamanı itkin düşüb.

Ülkər İsgəndərova ifadəsində 1993-cü il oktyabrın 29-da Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.

Ramal Məmmədov ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Murovdağda Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində yaralandığını deyib.

Tamilə Süleymanova ifadəsində 1993-cü il oktyabrın 30-da Zəngilan rayonunun Vejnəli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması səbəbindən yaşadığı evi tərk etmək məcburiyyətində qaldığını bildirib. O deyib ki, Araz çayından keçərək xilas olublar.

Nazilə Hüseynova ifadəsində 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun Qaraxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.

Vəfalı Qədirov ifadəsində hərbi xidmətdə olarkən, 2017-ci il fevralın 2-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə yarası aldığını söyləyib. Həmin xəsarətlə bağlı səhhətində indi də problemlər qalır.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ələmdar Mədətov 7 nəfər ailə üzvü ilə birlikdə 1993-cü ildə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Kəmalə Yusifova ifadəsində ailə üzvləri ilə birlikdə 1993-cü ildə Zəngilan rayonunun Məmmədbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib. Zəngilan rayonu işğaldan azad edildikdən sonra oğlu hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ağır yaralanıb, ayağı amputasiya olub.

Ceyhun Quliyev ifadəsində 1993-cü ildə Zəngilandan məcburi köçkün düşdüyünü deyib. O, təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında deyib ki, Ermənistan silahlı qüvvələri digər istiqamətlərdə yolu bağladıqlarına görə Araz çayından keçməklə xilas olublar.

İbadət Süleymanov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları səbəbindən 9 nəfərlik ailə üzvləri ilə birlikdə 1993-cü il oktyabrın 30-da Zəngilan rayonundan məcburi köçkün düşdüyünü söyləyib.

İsgəndər İsgəndərov ifadəsində 1993-cü ilin oktyabrında Zəngilan rayonunun Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.

Zülfü Həsənəliyev ifadəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü, rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyini deyib. O, işğal zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə, o cümlədən qadınlara və qocalara qarşı amansız davrandığını bildirib.

Nəbi Nağıyev ifadəsində Zəngilan rayonunun Bartaz kəndindən məcburi köçkün düşdüyünü deyib. O, qardaşının şəhid olduğunu da söyləyib.

Xanoğlan Süleymanov ifadəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində qardaşının azyaşlı övladı Sadiq Süleymanovun (1992-ci il avqustun 22-də) və qardaşı Baloğlan Süleymanovun (1993-cü il oktyabrın 25-də) qətlə yetirildiyini bildirib.

Eldar Novruzov 1992-ci ilin sentyabr ayında Zəngilan rayonunun Malatkeşin kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşdüyünü bildirib. Sonradan kənd işğal edilib.

Vidadi Orucov ifadəsində Zəngilan rayonunun Məmmədbəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib. İşğal zamanı evləri talan olunub, kənd qəbiristanlığı tamamilə məhv edilib, yerində heç nə qalmayıb.

Rasim Camalov, Raci İsmayılov, Barat Xanlarov, Əşrəf İbadov ifadələrində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiklərini söyləyiblər. Onlar həm də Zəngilandan məcburi köçkün düşmüş şəxslərdir.

Abış Məhərrəmov, Mahir Xəlilov və Habil Nuriyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları evləri tərk etmək məcburiyyətində qaldıqlarını, Araz çayından keçərək xilas olduqlarını bildiriblər.

Rövşən Abdullayev bildirib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Əsirlikdə 35 ay saxlanılıb. Zərərçəkmiş şəxs deyib ki, əsirlik zamanı özü və digər azərbaycanlılar işgəncələrə məruz qalıb, o cümlədən bədənlərinə elektrik cərəyanı verilib. Qanunsuz olaraq məcburi şəkildə işlədiliblər. Əsirlik zamanı 2 il 8 ay Şuşada saxlanılıb. 1996-cı il mayın 10-da Azərbaycan tərəfə qaytarılıb.

Elbrus Hacıyev, Elbrus Abbasov və Adil Quluyev ifadələrində Ermənistan silahlı qüvvələrinin Laçın rayonunu işğal edən zaman – 1992-ci ilin mayında yaşadıqları evi tərk etmək məcburiyyətində qaldıqlarını deyiblər. A.Quluyev ərazilərin qorunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini də bildirib.

Soltan Məmmədov ifadəsində 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Füzuli rayonunun Qərvənd kəndindən məcburi köçkün düşdüyünü söyləyib. Bildirib ki, hücumlar zamanı doğmaları şəhid olub.

Vaqif Hüseynov Füzuli rayonunun Merdinli kəndindən məcburi köçkün düşdüyünü deyib.

Anar Məmmədov ifadəsində hərbi xidmət zamanı, 2015-ci il sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində xəsarət aldığını, nəticədə sol qolunu itirdiyini bildirib.

Səməd Əhmədov Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlər zamanı Füzuli rayonunda xəsarət aldığını deyib.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seçilən
77
49
turkic.world

10Mənbələr