AZ

“Rusiya Alyaska görüşündən sonra bir qədər də aqressivləşəcək...” 

“Tramp çalışacaq ki, maksimal dərəcədə açıq şəkildə Rusiyaya güzəştə getməsin və Ukraynanı da buna məcbur etməsin. Lakin hər bir halda Trampın Rusiyaya həssas münasibəti davam edəcək- mənim buna zərrə qədər şübhəm yoxdur...”
 
“Düzünü desəm, Alyaskadakı Tramp-Putin görüşündən heç bir gözləntim yoxdur. Ən azı ona görə yoxdur ki, Putinlə Tramp arasındakı münasibətlər imkan vermir ki, hansısa  bir kardinal anlaşma və yaxud dəyişiklik olsun. Yəni Tramp prinsipial olaraq Rusiya ilə münaqişəyə getmək istəmir. Təbii ki, o istərdi ki, Ukraynanı sülhə məcbur etsin. Amma burada ciddi bir maneə var. Maneə ondan ibarətdir ki, Avropa ölkələri Trampın bu yanaşmasını qətiyyən qəbul etmirlər və hətta müstəqil şəkildə Kiyevi dəstəkləməkdə davam edirlər. O cümlədən də hərbi dəstək göstərməkdə... Bu isə Qərb düşərgəsini ciddi şəkildə ayırmış olur. Parçalanma artıq var, fikir ayrılığı var. Və bu mənada da Alyaskada hansısa bir anlaşmanın əldə olunacağını düşünmürəm”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Bu gün Alyaskada Tramp-Putin görüşündən nələr gözləyirsiz? Doğrudanmı bəzi şərhçilərin iddia etdiyi kimi bu görüş artıq Ukraynanın təslim edilməsi, dünyanın bölünməsi ilə nəticələnəcək?” sualını cavablandırarkən ifadə edib.
 
“Hər bir halda üzdə elə görünə bilər ki, hər tərəf öz mövqeyində qalır. Təbii ki, Tramp Ukraynaya veriləcək silahların miqdarını azaldacaq və onsuz da azaldıbdır. Və o bundan da bir maddi gəlir əldə etməyə çalışacaq. Yəni bilirsiz ki, Ağ Evdə belə bir yanaşma var; Avropa ölkələrinə təklif edirlər ki, Ukraynanı silahlandırmaq istəyirsizsə, silahı öz pulunuzla bizdən alın və verin Ukraynaya. Və Avropa buna da gedir. Eyni zamanda son 3 ildə Avropanın hərbi sənayesinin həcmi 3,5 dəfə artıb. Bu isə o deməkdir ki, müəyyən bir müddətdən sonra Avropa artıq Kiyevi müstəqil şəkildə dəstəkləyə biləcək. Və bəlkə də artıq buna qadirdir”, - deyə davamında həmsöhbətimiz bildirib. 
 
Analitik hesab edir ki, sözügedən görüşdən sonra işğalçı Putin rejimi bir qədər də aqressivləşəcək. 
 
“ABŞ-Avropa ziddiyyətləri isə dərinləşməkdə davam edir. Özü də yalnız Ukrayna məsələsində deyil, İsraillə bağlı da... Belə olduğu halda Tramp çalışacaq ki, maksimal dərəcədə açıq şəkildə Rusiyaya güzəştə getməsin və Ukraynanı da buna məcbur etməsin. Lakin hər bir halda Trampın Rusiyaya həssas münasibəti davam edəcək- mənim buna zərrə qədər şübhəm yoxdur. Və dediyim kimi, hansısa ciddi, əsaslı dəyişikliklər olmayacaqdır. Rusiya Alyaska görüşündən sonra bir qədər də aqressivləşəcək. Tramp gündə beş dəfə fikrini dəyişməklə müxtəlif bəyanatlar verəcək. Və bundan başqa heç bir addım atmamaqla faktiki olaraq Ukraynanı qismən də olsa, müdafiəsiz buraxacaq. Mənim gözləntim bundan ibarətdir”, - ekspert yekunlaşdırıb.
 
Sultan Laçın
 
Seçilən
44
50
moderator.az

10Mənbələr