AZ

Putinin Zəngəzur dəhlizi ilə bağlı əsas istəyi nədir?

“8 avqustda Azərbaycan Prezideti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüşdə tarixi nəticələr əldə olundu. Onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bu görüşdə dünyanın yenidən şəkilləndirilməsində mühüm rol alacağı bir daha hər kəsə bəlli oldu:

“Zəngəzur dəhlizinin açılması da ölkəmizin strateji əhəmiyyətini daha da artıracaq. Artıq hansısa ölkənin buna qarşı çıxmaq şansı yoxdur. Rusiya və İran tərəfindən Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndirilsə də, reallıq fərqlidir. Xüsusilə Tehrandan bununla bağlı sərsəm bəyanatlar verir.

Onlar Rusiya ilə birlikdə Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəklərini deyirlər, amma heç nə edə bilməzlər. Ümumiyyətlə, Rusiyanın İranla eyni mövqedə çıxış edəcəyini zənn etmirəm. Çünki Rusiya əsla Cənubi Qafqazdan çıxmaq istəmir”.

Ekspert qeyd edib ki, Rusiya və İran bu prosesə əngəl olacaq gücdə deyil:

“Rəsmi Moskva bu bölgədə sadəcə böhran hallarında təsir göstərək vasitəçi rolunu oynamaq siyasəti aparırdı, amma indi dövr dəyişib. Artıq Rusiya Azərbaycanın yaratdığı yeni reallıqlarla üz-üzə qalıb və onu qəbul etmək məcburiyyətindədir. Ona görə də Moskva hakimiyyəti Zəngəzur dəhlizinə qarşı ciddi bəyanatlar vermədi”.

Tamilla Qulami hesab edir ki, Rusiya hələ də hansısa formada Zəngəzur dəhlizi layihəsində iştirak etmək istəyir:

“Hətta bu axşam Alyaskada Donald Tramp ilə Vladimir Putin arasında keçiriləcək görüşdə də gündəmə gələcəyini düşünürəm. Məncə, Putin Rusiyanın hansısa formada Zəngəzur dəhlizi layihəsində iştirak etməyi təklif edəcək. 

Lakin Trampın ona müsbət qərar verəcəyi inandırıcı deyil. Çünki ABŞ bu layihə ilə bölgəyə girməklə Rusiyanı sıxışdırmağa çalışır. Kreml də çox gözəl bilir ki, ABŞ-nin bölgəyə gəlməsi ilə Rusiyanın təsir dairələri azalcaq”. 

Həmsöhbətimiz onu da vurğulayıb ki, Rusiya Azərbaycana qarşı hansısa addım ata bilməz:

“Kreml Cənubi Qafqazdakı nüfuzunu itirməmək üçün Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv yanaşmağa başladı. Düzdür, başqa seçimi də yox idi, amma özünün hədəfləri var. Belə ki, Rusiya artıq diplomatik və iqtisadi layihələrdə iştirak etmək istəyir. Xüsusilədə yeni dünya nizamında iştirak etmək hədəfi var. 

Onu da qeyd etmək lazımdır ki, Rusiya istəsə belə, ölkəmiz əleyihə addım ata bilməz. Onun qarşısında 1990-cı illərin zəif ölkəsi deyil, Cənubi Qafqazın lider dövləti Azərbaycan var.Yəni Rusiya artıq Azərbaycanın gücünü və reallıqları yaxşı dərk edir. Putinin reallıqlarla barışmaqdan başqa çarəsi yoxdur”.

Seçilən
38
50
cebheinfo.az

10Mənbələr