“Bu gün Alyaskada Tramp və Putin arasında çox vacib görüş keçiriləcəkdir. Görüşün əhəmiyyəti böyükdür, çünki söhbət iki nəhəng dövlətin bu və ya digər məsələləri müzakirə etməsindən gedir. Əlbəttə ki, ilk növbədə ABŞ- Rusiya münasibətləri müzakirə predmeti olacaqdı və yəqin ki, Rusiya tərəfi ABŞ- ı daha çox maraqlandırmaq üçün iqtisadi məsələlərlə bağlı müzakirə aparacaq"

Bu sözləri Moderator.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, gələcəkdə həm Rusiyanın xammalı, həm də Şərqi Ukraynanın xammalı ilə bağlı Trampa müəyyən təkliflər irəli sürülə bilər:
“Görüşün başlıca məqsədi Tramp üçün Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmaqdır. Lakin bu prosesdə həm Rusiya, həm də Ukrayna bir-birinə çoxsaylı tələblər irəli sürür, buna görə də Moskva və Kiyevin mövqeləri geniş şəkildə fərqlənir. Əsas məsələ Tramp və Putin arasında ikitərəfli razılaşmanın əldə olunmasıdır. Lakin bu, o demək deyil ki, Ukrayna prezidenti və ya Qərb ölkələri – Avropa İttifaqı, Böyük Britaniya, Fransa, Almaniya – həmin razılaşmanı qəbul edəcək. Hər şey görüşdə qoyulan şərtlərdən asılıdır. Mətbuatda iddia olunur ki, söhbət dörd vilayətin, xüsusilə iki vilayətin vəziyyətinin bir neçə onilliyə dondurulmasından gedir. Mənim fikrimcə, Rusiya və ABŞ liderləri arasında görüşdə əsasən şifahi anlaşma əldə olunacaq və bu anlaşma Ukraynanın Şərqi, Cənubi Qafqaz və Yaxın Şərqdəki məsələləri də əhatə edəcəkdir.
Tərəflərin bir-birinə güzəştə getməsi istisna deyil. Son zamanlar “99 illik” ifadəsini dünyanın müxtəlif regionlarında tez-tez eşidirik. Bu, göstərir ki, bəli, Şərqi Ukraynada “99 illik” Rusiya bayraqlarını görmək ehtimalı var. Hər bir halda bu razılaşmalar o demək deyil ki, Ukrayna onları qəbul edəcək.
Bu səbəbdən gələcəkdə əlavə görüşlərə ehtiyac olacaq və yeni görüşlərin keçirilməsi üçün konkret tarixlərin müəyyənləşdirilməsi vacibdir. Bir çoxları hesab edir ki, Ukrayna prezidentinin görüşdə iştirak etməməsi görüşün nəticələrinə mənfi təsir göstərə bilər. Əksinə, bəlkə də Zelenskinin iştirak etməməsi onun üçün faydalıdır, çünki bununla təklənməkdən və təzyiq altında qalmaqdan qorunur. Əsas məsələ bu gün Alyaskada baş tutan görüşdə xətlərin aydın şəkildə müəyyən olunmasıdır”.
Zaur Məmmədovun fikirincə, Rusiya tərəfi ABŞ-dakı Trampla görüşə maksimal tələblərlə gələcək və Putin bu tələblər əsasında Trampdan daha çox güzəşt əldə etməyə çalışacaq:
“Görüşqabağı verilən açıqlamalar və Rusiya siyasətçilərinin davranışı göstərir ki, çox güman Rusiya Ukraynaya minimal güzəştlərlə razılığın əldə edilməsini təmin etməyə çalışacaq və bu görüşdə “tərəfdar” dövlət kimi iştirak edəcək.
Hər halda dünya bölünür və yeni, dinamik proseslər baş verir. Vaşinqton görüşünün nəticələri bunu bir daha ortaya qoydu. Həmçinin, Vaşinqton görüşü Cənubi Qafqazda ABŞ üçün kifayət qədər ciddi irəliləyiş təmin etdi. Eyni zamanda, Vaşinqtonun Ukraynada hansı məqsədlərə yönəldiyini yaxından izləmək vacibdir. Məlum olur ki, Uzaq Şərqdə ABŞ Çinə, Rusiya ətrafındakı bölgələrdə isə Rusiyaya yönəlmiş əməkdaşlıqlarını davam etdirəcək. Beləcə, Tramp hər iki ölkəni özündən uzaqlaşdırmamaq üçün bu siyasəti davam etdirəcək”.
Mehin Mehmanqızı