Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov qeyd edib ki, görünən odur ki, bu etiraz aksiyaları sonunda Vuçiçin hakimiyyətdən getməsinə səbəb ola bilər:
" Serbiyada başlanan etiraz aksiyaları yeni deyil. Biz keçən il Serbiyada bir neçə dəfə kütləvi etiraz aksiyalarının keçirildiyini şahid olduq və qərbi meyilli siyasi müxalifətin keçirdiyi etiraz aksiyaları Serbiyada kifayət qədər gərgin vəziyyət yaratdı. Doğrudur, keçən il keçirilən prezident seçkilərində Vuçiç yenidən prezident seçilsə də, onun siyasəti bir çox qərb dövlətlərini qane etmədiyi üçün daxildə etirazlar davam etməkdədir. Görünən oldu ki, Vuçiçin müəyyən dərəcədə Rusiya ilə normal münasibətləri də Avropa İttifaqı ölkələrini məmnun etməyib. Ona görə də bu cür etirazlar davam edir.
Əlbəttə ki, indidən konkret bir fikir söyləmək mümkün olmasa da, böyük ölçüdə görünən odur ki, bu etiraz aksiyaları sonunda Vuçiçin hakimiyyətdən getməsinə səbəb ola bilər. Belə ehtimallar çox yüksək olmasa da, nəzəri baxımdan mümkündür. Çünki etiraz aksiyalarının həm formasına, həm də kütləviliyinə baxdıqda belə ehtimalların olması mümkündür. Çünki Serbiyada bir çox həll olunmamış problemlər var ki, bu da aksiya iştirakçılarının sayına təsir edir".
Zeynəb Mustafazadə