BAKI, 13 avqust. TELEQRAF
Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
"Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin inzibati binasının fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının odadavamlılığının yanma qrupunun müəyyənləşdirilməsi ilə bağlı sənədlər təqdim edilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".