"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyununu şərh edib.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:


"Qarabağ" göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq".


O, bəzi oyunlarda böyükhesablı qələbələrin ola biləcəyini istisna etməyib:


"Bilirsiniz ki, futbol elə bir səviyəyə çatıb ki, böyükhesablı qələbələr qeydə alına bilər. Lakin belə bir hesabı gözləyirdim deməzdim. Lakin böyük hesabla qalib gəlməyi çox istəyirdim".


Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.