AZ

Rusiya irticasına qarşı Bakı-Kiyev ittifaqı güclənir…


Məlum olduğu kimi, avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna prezidenti azərbaycanlı həçkarını Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib. Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb. Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar. Xatırladaq ki, 7-8 avqust 2025-ci il gecəsi Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki Azərbaycanın SOCAR şirkətinə məxsus neft bazasına hücum edib. Rusiya SOCAR neft bazasına beş “Şahid” zərbə dronu göndərərək yanğına səbəb olub və dizel boru kəmərini zədələyib. Şirkətin dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Azərbaycanla əlaqəli Ukraynadakı obyektlərə qarşı ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya hədəf alınmışdı ki, bu da 28 iyul tarixində Ukraynaya Azərbaycan qazının nəqlinə başlayan Transbalkan qaz kəmərinin əsas elementidir. Rəsmi Bakı proseslərin bu qaydada inkişafına görə Rusiyaya narazılığını çatdırıb. Azərbaycan və Ukrayna liderləri Rusiya silahlı qüvvələrinin bu hərəkətlərinə qarşı narazılıqlarını bildiriblər. Belə ki, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq. O da xatırlanır ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə məcbur edir. Bütün bunlar ikitərəfli münasibətlərdəki böhranın daha da dərinləşməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı “Current Time” nəşri yazır ki, “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” təyyarəsinin vurulmasından və Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda reydindən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşib: “Davam edən gərginliyi mediada dərc olunan yazılar və hər iki ölkənin rəsmilərinin verdiyi açıqlamalar göstərir. Moskva ilə Bakı arasında soyuqlaşma fonunda Azərbaycan və Ukrayna arasında yaxınlaşma müşahidə olunur. İyulun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə TASS-ı “ölkənin ərazi bütövlüyünə hörmətsizlik və təhqir”də ittiham edib. Buna səbəb dövlət qurumunun “Stepankertdə Ayvazovskinin abidəsi söküldü” başlığı ilə dərc etdiyi yazı olub. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, 1923-cü ildə Xankəndinin adının Dağlıq Qarabağda Stepanakert adlandırılması Azərbaycana hörmətsizlikdir, çünki şəhər Azərbaycan xalqına qarşı kütləvi qətllər törədən bolşevik Stepan Şaumyanın "şərəfinə" adlandırılıb. Bakı bunun düzəldilməsini tələb etdi və rus toponimlərinin tarixi adlarından istifadə etməyə başlayacağıni bildirdi, həmçinin TASS-ı ölkədəki fəaliyyətinə qarşı “tədbirlərin görülməsi” ilə hədələdi. TASS məqaləni redaktə edib: iyulun 31-də məqalənin başlığında Stepanakert Dağlıq Qarabağla əvəz edilib, avqustun 1-də başlıqdan “Dağlıq Qarabağ” sözü çıxarılıb və mətndə indi “Xankəndindəki İvan Aivazovski abidəsinin yeni regional hakimiyyət orqanları tərəfindən sökülməsi” yazılıb. Bu, TASS-ın baş direktorunun birinci müavini, bakılı Mixail Qusmanın Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə media forumuna səfərindən sonra işdən çıxarıldıqdan bir həftə sonra baş verib . Səfər və Qusmanın açıqlamaları rus bloggerlərinin tənqidinə səbəb olub. Bununla yanaşı, Ukrayna media xadimləri ilə Bakı arasında əlaqələr, əksinə, möhkəmlənir. İyulun 20-də III Şuşa Qlobal Media Forumu zamanı ukraynalı jurnalist Yelena Kurbanova İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin şevronlarını təqdim edib və o, təşəkkür sözləri ilə cavab verib. Forumda Ukraynadan olan digər jurnalist Dmitri Qordonun sualını cavablandıran Əliyev Kiyevi “ərazilərinin işğalı ilə barışmamağa” çağırıb. Kremlyönlü media bildirir o, ilk dəfə olaraq Ukraynaya dəstəyini açıq şəkildə ifadə edib. Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov “Current Time”a açıqlamasında Bakı və Kiyevin yaxınlaşdığını təsdiqləyib: “Biz bunu çox yüksək qiymətləndirməliyik, biz bir-birimizə doğru aydın və simvolik addımlar, eləcə də əməkdaşlıq sahələrinin genişləndirilməsini görürük. Bir neçə səbəb var, lakin əsas səbəb Rusiyanın Azərbaycana qarşı qarşıdurma siyasətidir. Əliyev və Azərbaycan rəhbərliyi bunu aydın hiss edir. Bundan əlavə, vurğulamaq vacibdir: Azərbaycanda ictimai rəy Kiyevlə əlaqələrin inkişafını fəal şəkildə dəstəkləyir”. Eyni zamanda, onun sözlərinə görə, hazırda Əliyevlə Vladimir Putin arasında soyuq müharibə gedir. Ekspert əmindir ki, bu, “qaynar faza”ya keçməyəcək, amma münasibətlər gərgin olaraq qalır: “Əliyev “qırmızı xətlərini” açıq-aydın müəyyən edib və onları keçmək və ya güzəştə getmək niyyətində deyil. Əgər Putin cəhd etsə, o, artıq bunu edib, deməli, Azərbaycan müqavimət göstərəcək. Vurulan təyyarə yalnız bu münasibətin təzahürüdür”. O, qismən əmindir ki, Rusiyanın hərbi təcavüzünün ağır yükünü öz üzərinə götürmək məcburiyyətində qalan Ukrayna Əliyevə Putinlə münaqişədə mövqeyini möhkəmləndirməyə kömək edib. “Hələ 2022-ci ildə Milli Məclisin nüfuzlu deputatlarından biri demişdi: Əvvəllər üzərimizdə təhlükə var idi: Rusiya dəniz piyadaları Dərbənddə yerləşmişdi . İndi isə bu briqada Xarkov yaxınlığında ilişib qalıb", - Danilov adının çəkilməsini istəməyən siyasətçidən sitat gətirib. Bundan başqa, ən azı 2024-cü ilin iyun ayından Azərbaycan da reabilitasiya üçün Ukraynadan uşaqları qəbul edir. Ekspertin sözlərinə görə, Əliyev Cənubi Qafqazda və beynəlxalq aləmdə nüfuzunun artdığını hiss edir: “Bakı Türkiyə və İsrail siyasətçilərini qəbul edir, İsraillə Suriyanın yeni hökuməti arasında təmas platformasına çevrilir, Tramp sosial şəbəkələrdə Əliyevə təriflər yazır və onun çıxışından sitat gətirir. Sentyabrda Azərbaycan və Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasını keçirəcək . Bu, rolların dəyişməsindən danışır: Rusiya zəifləyən gücdür, Azərbaycan güclənir. Və Zelenski ilə Əliyev arasında əla birbaşa münasibətlər var. Onlar bir-birinə vasitəçi olmadan zəng edə bilərlər”.

Tahir TAĞIYEV

Seçilən
48
42
baki-xeber.com

10Mənbələr