ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 10-dan 14-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində G20 Dinlərarası Dialoq Forumu keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Fəaliyyətdə humanizm: Həssas icmalar diqqət mərkəzində” mövzusuna həsr olunan Forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə BBMM-in icraçı direktoru Rəvan Həsənov, Mərkəzin icraçı direktorunun müavini Ramin Qəmbərov, Milli Məclisin deputatları Fazil Mustafa və Cavanşir Paşazadə daxildir.
Forumun açılışında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəşəriyyətin sülh, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə hər zamankından daha çox ehtiyac duyduğunu vurğulayıb. O, dünyada münaqişələrin, dini və etnik zəmində ayrı-seçkiliyin artmasının qlobal sabitliyə ciddi təhdid yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyəti dini liderlər və ictimai xadimlərlə əməkdaşlıqda fəal olmağa çağırıb.
Forumun “Həmrəylik üçün təhsil: Mədəniyyətlərarası dini savadlılıq və humanizm, dini gərginliklə və zorakılıqla mübarizə” mövzusuna həsr olunan panel iclasında Rəvan Həsənov çıxış edib. O, mövzu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın bununla əlaqədar təcrübəsi, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhsil və gənclərlə bağlı fəaliyyəti haqqında danışıb.
Azərbaycanda multikulturalizmin həm xalqın mənəvi dəyəri, həm də dövlət siyasətinin əsas istiqaməti olduğunu deyən İcraçı direktor bildirib ki, dəyərin təməli təhsildən başlanır. Azərbaycanın təcrübəsi göstərir ki, mədəniyyətlərarası maarifləndirmə ictimai harmoniyanı gücləndirir. Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti də qeyd edilməlidir. Mərkəz həm ölkədə, həm də xaricdə tolerantlıq və birgəyaşayış dəyərlərini təbliğ edən təhsil proqramları həyata keçirir. Hazırda dünyanın 27-dən çox universitetində “Azərbaycan multikulturalizmi”, ölkə universitetlərində isə “Multikulturalizmə giriş” fənni tədris olunur. Mərkəz hər il iki dəfə Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri, eləcə də Gənclər Forumu təşkil edir.
R.Həsənov sonda diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin multikulturalizm sahəsində nüfuzunu gücləndirir və dinlərarası dialoqu təşviq edir. Azərbaycandakı bütün dini icmalar – müsəlman, xristian, yəhudi və digərləri təhsil və mədəniyyət dialoquna aktiv töhfə verirlər. O cümlədən gənclər üçün düşərgələr, seminarlar və müxtəlif layihələr təşkil edirlər. BBMM gələcəkdə də bu istiqamətdə beynəlxalq əməkdaşlığı və yeni təşəbbüslərlə çıxış etməyi qarşıya məqsəd qoyub.
Məruzə maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.
Forum çərçivəsində nümayəndə heyəti Müsəlman Ağsaqqallar Şurasının sədrinin müşaviri Adama Dienq, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının komissarı Mohamed Elsanousi, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi, Özbəkistan Respublikasının Prezidentinin müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilovla görüşüb. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla dinlərarası və mədəniyyətlərarası dialoq, dini tolerantlıq, radikalizmə qarşı mübarizə, həssas icmaların müdafiəsi, İslam mədəni irsinin qorunması, eləcə də təhsil və elmi əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə edərək birgə layihələr və dəstək mexanizmləri barədə razılığa gəliblər.
Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.