Portuqaliyanın “Portimonense” klubunun braziliyalı futbolçusu Keffel Resende bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
25 yaşlı cinah müdafiəçisi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. O, “Sumqayıt”ın heyətində 80 nömrəli formada çıxış edəcək.
Tam adı Keffel Resende Alvin olan müdafiəçi “Fiqeyrense” və “San Kaetano” klublarının yetirməsidir. O, karyerası ərzində “Retro”, “Trofense”, “Torrense”, “Paysandu” kimi klubların da şərəfini qoruyub. Bu ilin əvvəlindən “Portimonense”də çıxış edən sol cinah müdafiəçisi bu komandanın heyətində 12 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.
“Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Muratanı da heyətinə qatmışdı.
İsa Suliman, Roi Kehat və Səbuhi Abdullazadə ilə də yeni müqavilə imzalanıb. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias, Georgi Xaraişvili və Rəşad Əzizli isə komandanı tərk ediblər.