BAKI, TurkicWorld, Səməd Əyyubov
İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini sui-qəsdlə hədələyib.
TurkicWorld xəbər verir ki, Katz bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Xamenei sığınacağından çıxdıqda tez-tez göyə baxmalı və hər səsi diqqətlə dinləməlidir” - deyə, paylaşımda bildirilib.
Bu açıqlama, sosial şəbəkələrdə İsrail ordusunun öldürdüyü iranlı nüvə alimlərini göstərən və israilli rəsmiləri sui-qəsd hədəfi kimi təqdim edən məlumatın yayılmasından sonra verilib.
Qeyd edək ki, Katz iyun ayında İsrail və İran arasında 12 gün davam edən müharibə zamanı da Xameneiyə sui-qəsd etmək istədiklərini, lakin yerini müəyyən edə bilmədikləri üçün uğursuz olduqlarını bildirmişdi.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.