“Şkendiya”nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü raundunun “Qarabağ”la cavab oyunundan gözləntisini paylaşıb.
Arena.az xəbər verir ki, Şimali Makedoniya və Azərbaycan çempionları arasındakı cavab qarşılaşması sabah Bakıda baş tutacaq.
Skopyedə keçirilmiş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri bu gün Bakıda baş tutmuş mətbuat konfransonda bunları söyləyib:
“Qarabağ” çox güclü komandadır. Sabah bütün imkanlarımızdan istifadə edib qələbə qazanmağa çalışacağıq. İtirəcək heç nəyimiz yoxdur. Bu səbəbdən irəli atılacağıq. İlk görüşdə müəyyən problemlər yaşadıq. Düzdür, fərqlənmək üçün imkanlarımız var idi. Təəssüf ki, meydandan məğlub ayrıldıq”.
Jeton Beqiri ilk qarşılaşmada Azərbaycan klubunun daha yaxşı çıxış etdiyini vurğulayıb:
“Qarabağ” xüsusi ilə ilk yarıda yaxşı çıxış etdi. Bəzi futbolçularımızın fiziki hazırlığı yerində deyildi. Lakin ikinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi”.
Mətbuat konfransında iştirak etmiş “Şkendiya”nın yarımmüdafiəçisi Kamer Qaka da cavab oyununa ciddi hazırlaşdıqlarını söyləyib:
“Bizim üçün çətin oyun olacaq. Təəssüf ki, ilk matçda istədiyimiz nəticəni əldə edə bilmədik. Əvvəlki qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalıçacağıq. Bakıda “Qarabağ”a qalib gəlmək istəyirik”.
“Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.