
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı zamanı Bakı və İrəvan arasında dayanıqlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Mərkəzi rolu Rusiyaya məxsus olmaqla 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında Bakı və İrəvan arasında dayanıqlı sülhün əldə edilməsinin vacibliyi Sergey Lavrov tərəfindən vurğulanıb", - məlumatda deyilir.
Lavrov, həmçinin, Moskvanın Ermənistan və Azərbaycan arasında münasibətlərin hərtərəfli normallaşmasına yardım göstərməyə davam etməyə hazır olduğunu qeyd edib.
Bundan başqa, tərəflər telefon danışığı zamanı Rusiya-Ermənistan gündəliyindəki aktual məsələləri müzakirə ediblər.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovu Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə təmaslarının detalları barədə məlumatlandırıb.
Bundan əvvəl Paşinyan telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə Vaşinqtonda Azərbaycan və ABŞ liderləri ilə görüşü barədə danışmışdı.
İbrahim Məmmədli