AZ

Vaşinqton görüşü Ermənistanın qayğılarını artıracaq - ŞƏRH

Ağ Evdəki təmasların Ermənistanla Rusiya və İran arasındakı münasibətlərə ciddi zərbə vuracağını qəti şəkildə söyləmək hələ tezdir

Son aylarda Ermənistan siyasi səhnəsində gərginlik xeyli dərinləşib. Baş nazir Nikol Paşinyan həm daxildə müxalifət və kilsə ilə, həm də xaricdə əsas strateji tərəfdaş hesab olunan Rusiya ilə münasibətlərdə ciddi problemlərlə üz-üzədir.
Ermənistanın sabiq prezidenti Robert Koçaryan son açıqlamasında iddia edib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur. Onun fikrincə, baş nazir müəyyən seçici təbəqəsinə hələ də təsir göstərə bilsə də, bu dəstəyin miqyası nəzərəçarpacaq dərəcədə azalıb və reytinqi davamlı enişdədir.

Digər tərəfdən Vaşinqtonda baş tutan ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli görüşü fonunda Rusiya ilə münasibətlərdəki soyuqluq artır, İranla qarşılıqlı etimad böhranı yaranır. Əgər Azərbaycan və Ermənistan arasında əsas sülh müqaviləsi imzalanarsa, bu, Paşinyan üçün həm böyük siyasi qələbə, həm də ciddi risk mənbəyi ola bilər. Çünki müxalifət və xarici qüvvələr sülh prosesindən daxili siyasi hesablaşmalar üçün istifadə edərək təzyiqi artırmağa çalışacaqlar. Nəticədə, yaxın dövrdə Ermənistan siyasətində əsas sual budur: bu təzyiq dalğası Paşinyanın mövqelərinə və onun yenidən Baş nazir seçilməsinə necə təsir edəcək?

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Vaşinqton görüşünün Ermənistanla Rusiya və İran arasındakı münasibətlərə ciddi zərbə vuracağını qəti şəkildə söyləmək hələ tezdir:


"Çünki bu görüşdən öncə ABŞ Prezidenti Donald Tramp öz xüsusi nümayəndəsini Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya göndərmişdi. Bundan sonra razılıq əldə olunub ki, iki dövlət başçısı Alyaskada görüşərək ABŞ–Rusiya münasibətlərini, Ukrayna–Rusiya müharibəsini, atəşkəs və sülh məsələlərini müzakirə etsinlər. Ehtimal etmək olar ki, həmin görüşdə Trampın xüsusi nümayəndəsi Vaşinqtonda 8 avqustda imzalanacaq Azərbaycan–Ermənistan razılaşması barədə də məlumat verib. Paralel olaraq, Ermənistan nə İranla, nə də Rusiyayla münasibətləri korlamaq niyyətində deyil. Bu əlaqələri hansısa formada kompensasiya etmək istəyi də açıq görünür. İranda müxtəlif səviyyələrdə təhdid xarakterli bəyanatlar səslənsə də, dövlət səviyyəsində verilən açıqlamalar göstərir ki, Tehran da Ermənistanla münasibətləri pozmaq istəmir. Bu, İranın geosiyasi maraqlarına uyğun deyil. Məsələn, yaxın günlərdə İranın xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək və açılacaq nəqliyyat kommunikasiyalarının Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində olacağı bəyan ediləcək.

Bu mövqeni artıq İran Xarici İşlər Nazirliyi də təkrar edib. Ona görə də münasibətlərin ciddi şəkildə pozulacağı ehtimalı azdır".

Analitikim fikrincə, Rusiya və İran kontekstində heç kim Ermənistanı tamamilə itirmək istəmir və tərəflər proseslərin nəticəsinə uyğun hərəkət edəcəklər:

"Üstəlik, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Həm də Azərbaycanla yekun sülh müqaviləsi hələ imzalanmayıb. Nəqliyyat kommunikasiyaları üzrə müəyyən razılıq olsa da, detalları hələ müəyyənləşməyib. Rusiya illərdir müxtəlif formalarda Ermənistana təzyiqlər göstərir və bunu davam etdirəcək. Moskva, ölkədəki bütün müxalif qüvvələri bir mərkəzdə birləşdirərək Paşinyanı seçkilərdə məğlub etməyə və hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ermənistan rəhbərliyi də bunu açıq şəkildə bəyan edir. Buna baxmayaraq, Paşinyan Vaşinqtonda imzalanan sülh və nəqliyyat kommunikasiyası razılaşmalarını ictimaiyyətə izah etməyə çalışacaq. Çünki əsas mübarizə indi Ermənistan ictimai rəyi uğrundadır. Bu mübarizədə kim qalib gəlirsə, seçkilərdə də üstünlük qazanacaq.

Paşinyan Azərbaycanla sülh əldə ediləcəyi barədə verdiyi vədi xatırladaraq, ABŞ-da imzalanan sənədləri bu vədin yerinə yetirilməsi kimi təqdim edə bilər. Bu, onun əlində mühüm arqumentdir".

Natiq Miri qeyd edib ki,  cəmiyyətdə, xüsusilə də erməni analarının əksəriyyəti revanşist müharibə çağırışlarını dəstəkləmir:

"Buna görə də Paşinyan hələ də siyasi səhnədə dominant fiqur olaraq qalır. Müxalifət isə ənənəvi metodlardan, ictimai fikri hökumət əleyhinə formalaşdırmaq, xəyanət ittihamları səsləndirmək və etiraz aksiyalarından istifadə edəcək. Bu aksiyaların kütləvilik qazanacağı gözlənilmir. Hökumətlə kilsə rəhbərliyi arasındakı gərginlikdən də xalqı çaşdırmaq üçün yararlanmağa çalışacaqlar. Rusiya artıq bu istiqamətdə müxtəlif vasitələrdən istifadə edir. Moskvadan göndərilən Karapetyan açıq şəkildə hakimiyyəti devirməyə çağırış etmiş, sonradan isə hakimiyyəti zorla ələ keçirmək planlarının olduğu, hətta silahlı üsyan və sui-qəsd ssenarilərinin mövcudluğu üzə çıxmışdı. Buna görə Karapetyan, keşiş Baqratyan və digərləri həbs olunub. Gələcəkdə də silahlı təxribat cəhdləri mümkündür.
Bununla belə, əgər Vaşinqtonda imzalanan razılaşma qüvvəyə minib".

Şərhçi vurğulayıb ki, təhlükəsizlik orqanları Ermənistan hakimiyyətinin qorunmasına müəyyən mənada zəmanət verirsə, risklər azalır:

"Vaşinqton görüşündən dərhal sonra Paşinyanın Ermənistana qayıdışını iki ABŞ hərbi təyyarəsinin ölkəyə enməsi izləyib. 12–20 avqust tarixlərində ABŞ və Ermənistanın birgə hərbi təlimləri keçiriləcək. Bu addım, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının gücləndirilməsinə qarşı verilən təhlükəsizlik cavabı kimi qiymətləndirilir".
Seçilən
17
50
sherg.az

10Mənbələr