AZ

Zəngəzur dəhlizinə fars səddi çəkmək mifologiyası: İranın şansı yoxdur

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti açıqlayıb ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. O, layihəni bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə və Ermənistanın parçalanması planına xidmət edəcək təhlükəli təşəbbüs kimi qiymətləndirib. Vilayəti həmçinin qeyd edib ki, bu mövqeni Ermənistan Baş naziri Nikol Paşinyan da Tehrana səfəri zamanı bölüşüb.

İranın bu sərt reaksiyası, əslində, region xalqlarının iqtisadi inkişafı və əlaqələrinin güclənməsi əleyhinə atılmış bir addımdır. Görünür, Tehran qonşu ölkələrin suveren qərarlarına müdaxilə etməyi vərdiş halına gətirib. Çünki bu yanaşma dəhlizin keçəcəyi və maraqlandıran bütün ölkələrin maraqlarına qarşı sərgilənən mövqedir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirib ki, Vaşinqton görüşünün ardınca İrandan Zəngəzur dəhlizi ilə bağlı qeyri-praqmatik açıqlamalar, hətta İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin Tehranın bütün gücü və imkanları ilə dəhlizin açılmasına mane olacağını deməsi gülüş, ikrah, eyni zamanda təəccüb doğurur:

"Əgər Vilayəti kimi uzun müddət xarici siyasət məsələləri ilə məşğul olan bir diplomat hələ də əməkdaşlıq mühitinə yol açacaq bir layihəyə təhdid kimi yanaşırsa, deməli, o, müasir beynəlxalq hüququn əlifbasından və ümumbəşəri dəyərlərin təməl prinsiplərindən bixəbərdir. Çünki Zəngəzur dəhlizi regionda hansısa subyektə qarşı yönələn layihə deyil. Azərbaycan və Ermənistanın liderlərinin Vaşinqton görüşünə dair Birgə Bəyannamədə də ifadə olunduğu kimi, biz kommunikasiyaların açılmasına yalnız iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini kimi deyil, həm də regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi formatı kimi baxırıq.

Lakin İran rəsmisinin davranışları göstərməkdədir ki, Tehran bölgədə sağlam əməkdaşlıq mühitində maraqlı görünmür".

"Əlbəttə, indiki məqamda reallığa baxsaq, Vilayətinin bəyanatları "Şahnamə" mifologiyasından fərqlənməyən pafosdan başqa bir şey deyil. Unutmayaq ki, cəmi 1 ay əvvəl ABŞ İranın öz ərazisində əməliyyat keçirib nüvə obyektlərini məhv edərkən Tehran aciz qalmışdı, belə bir şəraitdə Vilayəti özü də yaxşı bilir ki, İranın üçüncü bir ölkə ərazisində ABŞ-nin iştirakçı olduğu hər hansı layihəni dayandırmağa nə gücü, nə şansı var", - deyə millət vəkili vurğulayıb.

Parlamentari əlavə edib ki, Ermənistan Respublikasının özünün razılığı ilə bu ölkə ərazisində reallaşacaq layihəyə müdaxilədən danışması dövlətlərin daxili işinə qarışılmasının yolverilməzliyi prinsipinin kobud pozuntusudur:

"Bu mənada, İrəvan ən qısa müddətə nota verərək İrandan Ermənistanın daxili işlərinə qarışmamağı tələb etməlidir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
39
oxu.az

10Mənbələr