AZ

Vaşinqtonda əldə olunan ENERJİ RAZILAŞMASI – Azərbaycan-ABŞ əməkdaşlığı NƏ VƏD EDİR?

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə Azərbaycanın enerji bazarlarında bir sıra maraqlı məqamlarla yadda qaldı. Ümumiyyətlə, onu deyə bilərəm ki, cari ilin yay mövsümü digər illərlə müqayisədə daha çox yadda qalan hadisələrin baş verməsi ilə müşayət olunur. Özü də bu özünü həm siyasətdə, həm də iqtisadi sahədə göstərir. 

Qlobal bazarlar

Neft qiymətləri başa çatan həftə ərzində xeyli eniş nümayiş etdirdi. Əgər həftənin əvvəli London Əmtəə Birjasında Brent markalı neftin qiyməti bir barel üçün 69 dollardan baha satılırdısa, avqustun 8-də son hərrac 66,59 göstəricisi ilə bağlandı. Həftə ərzində Brent markalı neftin ən ucuz partiyası üzrə müqavilə isə 66,22 dollara bağlandı.
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı


Bəs neft qiymətləri niyə ucuzlaşdı? Axı bundan əvvəlki həftə 73,53 həddinə qədər bahalaşmışdı? Məsələ burasındadır ki, iyulun 28-də ABŞ prezidenti Donald Tramp qəfildən Kremlə Ukraynada gedən müharibəni dayandırmaq üçün əvvəl verdiyi 50 günlük möhləti 10 günə endirdiyini açıqlaması bazar iştirakçılarını təşvişə saldı.

Çünki əks təqdirdə Tramp Ruusiya neftini alan ölkələr üçün 100%-lik vergi tətbiq edəcəyini də bəyan etmişdi. Ona görə də neft 68,4 dollardan düz 5 dollar həddində dəyərini artıra bildi. Amma bu həftə baş verən hadisələr ABŞ prezidentinin rusiyalı həmkarı ilə avqustun 15-də Alyaskada görüşünün baş tutacağı xəbərləri fonunda mövcud gərginliyin daha mülayim məcraya yönəldiyini göstərdi.

Bundan başqa OPEC+ platformasında birləşən 8 ölkənin (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) sentyabrdan avqust ayı ilə müqayisədə hasilat kvotalarını gündəlik 547 min barel artırmaq qərarı da hasilatın üzü aşağı getməsinə gətirib çıxardan amillər sırasında yer aldı. Və nəhayət, bu həftə açıqlanan ABŞ-ın son statistik məlumatları da iqtisadi aktivliyin zəiflədiyini göstərdi və JPMorgan analitikləri xüsusilə işçi qüvvəyə tələbin artım tempinin aşağı düşməsini nəzərə alaraq ölkədə tənəzzül riskinin yüksək olduğunu qeyd etdilər.

ABŞ ilə enerji əməkdaşlığı

Dünya enerji bazarlarında enişli-yoxuşlu ab-havanın müşahidə olunduğu zaman Azərbaycanla ABŞ-nin siyasi müstəvidə mövqelərinin kifayət qədər yaxınlaşması baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri və dövlət başçısı Donald Trampla təkbətək görüşü bunun ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına dəlalət edir. Özü də burada enerji-nəqliyyat sahəsi yenə də önə çıxır.

Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la Amerikanın enerji nəhəngi “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Sənədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imza atdılar.


Qeyd edim ki, bu ilin iyununda “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR artıq “Exxonmobil” şirkəti ilə Azərbaycanın mərkəzi və qərb bölgələrində geoloji kəşfiyyat işlərinin aparlmasına dair Anlaşma Memorandumu imzalamışdı. Həmin sənəd Amerika şirkətinin hazırkı dövr üçün əldə olan ən müasir texnoloji həllərdən istifadə etməklə Azərbaycan quru hissəsində daha dərin qatlarda karbohidrogen ehtiyatların aşkarlanması kimi mühüm bir məsələnin həllinə yönəlib.

Bu həftə iki şirkət arasında imzalanan sənəd isə SOCAR-la “Exxonmobil”in münasibətlərinin daha da dərinləşməsi, əməkdaşlığın daha geniş spektrdə həyata keçirilməsi üçün atılan addımdır.

Qeyd edim ki, “Exxonmobil” hazırda Azərbaycanın enerji sektorunda iki mühüm layihənin iştirakçısıdır. Belə ki, Amerikanın neft-qaz nəhəngi Azərbaycanın ən iri neft bloku – “Azəri-Çıraq-Günəşli”də 6,79% paya, Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan layihəsində isə 2,50% paya malikdir.

Suriya Azərbaycan qazını satın alır. Artıq düz 1 həftədir ki, Azərbaycan qazı Suriya bazarına axır. Bununla bağlı istər Azərbaycanda, istərsə də regional mətbuatda belə bir fikir də ortaya çıxmışdı ki, bəs “Azərbaycanın Suriyaya qazı satır, yoxsa bu müəyyən mənada yardım xarakteri daşıyır”. Bu sual da ondan qaynaqlanırdı ki, mediada avqustun 2-dən başlayaraq Azərbaycan qazının Suriyaya nəqli layihəsinin Qətər hökuməti tərəfindən maliyyələşdirilməsi əsas götürülürdü.
 

Ona görə də Türkiyənin energetika naziri Alparslan Bayraktar "A Haber" telekanalının efirində bu sualı cavablandırarkən bəyan edib ki, Suriya Azərbaycan qazını satın alır. Nazir vurğulayıb ki, bu tədarüklər qrant və ya yardım əsasında deyil, kommersiya sövdələşməsi əsasında həyata keçirilir.


"Azərbaycandan daxil olan təbii qaz Suriyaya ixrac edilir. Azərbaycan qaz tədarükü ilə bağlı öhdəlik götürüb və onu Suriyaya satır. Türkiyə qazın çatdırılması və nəqlinə görə məsuliyyət daşıyır və müvafiq logistikanı təmin edir. Azərbaycan qazı Türkiyədə BOTAŞ-ın nəqletmə sisteminə daxil olur və bağlanmış mübadilə sazişinə əsasən (swap), Türkiyə bu qazı Suriya-Türkiyə sərhədində, Yavuzlu bölgəsində təhvil verir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihənin maliyyələşdiricisi rolunda çıxış edir", - deyə A.Bayraktar məsələyə aydınlıq gətirib.

Qeyd edim ki, hazırda Suriyaya gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı tədarük edilir. İkinci mərhələdə Azərbaycan qazının Suriyaya tədarük həcmini gündə 6 milyon kubmetrə çatdıralacaq.

“Şahdəniz”ə xərclənən capital

Bu həftə Azərbaycanın neft-qaz layihələrində xüsusilə seçilən “BP-Azerbaijan” şirkəti ikinci rübdə həyata keçirdiyi layihələr üzrə hesabatını açıqladı. Bu ilin yanvar-iyun aylarında bütövlükdə “Şahdəniz” yatağından 14 milyard kubmetrə yaxın qaz və 2 milyon tona yaxın (16 milyon barel) kondensat hasil edildiyi bildirildi.


Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalıb, yəni o deməkdir ki, hasilat stabildir.

“Şahdəniz” yatağında hasilat gücü hazırda gündə 77,2 milyon (ildə təxminən 29,5 milyard) kubmetr təşkil edir.

Bu ilin birinci yarısında “Şahdəniz” konsorsiumunun əməliyyat xərcləmələri 1 milyard 282 milyon dollar, kapital xərcləmələri isə 472 milyon dollar təşkil edib. “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon ABŞ dolalrı və ya 2,5 %, əsaslı xərclərin həcmi isə il ərzində 65 milyon ABŞ dolları və ya 16 % artıb.

AÇG-də hasilatın azalması səngiyib

"BP-Azerbaijan" şirkətinin açıqlamasına görə, cari ilin I yarısının yekunlarına görə, Azərbaycanın ən böyük neft yataqları bloku "Azəri-Çıraq-Günəşli"də gündəlik ortalama neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min barel azalaraq 327 min barel təşkil edib.
 

Qeyd edim ki, düz 15 il əvvəl (AÇG-də hasilatın pik səviyyəsi 2010-cu ilin III rübündə qeydə alınıb - gündəlik 835,1 min barel ) isə Azərbaycan bu blokdan gündəlik olaraq orta hesabla 827,1 min barel neft çıxarırdı. Yəni AÇG-də hasilatın zirvə nöqtəsindən indiyə qədər gündəlik hasilat 508,1 min barel və ya 60,8% azalıb.


Amma bu azalmada ümidverici amillər də var. Məsələn, BP-nin statistikasını təhlil etdikdə maraqlı bir faktla rastlaşdım. Belə ki, 2024-cü ilin yarısında AÇG-də neft hasilatı bundan əvvəlki ilin ilk yarısı ilə müqayisədə 6,72 mln barel azalmışdısa, artıq bu ilin yanvar-iyununda hasilatın azalması 1,9 mln barelədək səngiyib. Hasilatın azalma tempinin aşağı salınmasında isə ötən ilin aprelində istismara verilmiş ACE platformasında artıq gündəlik hasilatın 25 min barelə çatması öz rolunu oynayıb.

Bəs gəlirlər ötən ilin 6 ayı ilə müqayisədə qədər nə qədər azalıb? Əgər nəzərə alsaq ki, ötən illə müqayisədə satdığımız neftin qiyməti də hər bareldə təqribən 9 dollar aşağı olub, onda AÇG-nin I yarımillikdə səhmdarlarına gətirdiyi ümumi qazanc təqribən $700 mln azalıb.

Hasilatda və dünya bazarlarında qiymətin azalması özünü Azərbaycan dövlətinə çatan mənfəət neftinin dəyərində də (Dövlət Neft Fonduna AÇG-dən gələn gəlir) göstərib. Əgər 2024-cü ilin I yarısında bu göstərici $3 005,3 mln təşkil etmişdisə, cari ilin yanvar-iyununda $2 604,3 mln olub.

Elektrik enerjisinin pik istehlakı

“AzərEnerji” ASC-nin yaydığı məlumata əsasən, avqustun 6-da saat 15-də ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat olub. Məhz həmin gün Azərbaycanda gündəlik enerji istehlakı 100 milyon kilovat-saata qədər yüksəlib.
 

“Azərenerji” qeyd edir ki, enerji istehlakının bu cür artımının arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.


Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Bir enerji eksperti kimi onu da vurğulamaq istərdim ki, “AzərEnerji”nin ictimaiyyət üçün açıqlamasının daha inandırıcı qəbul edilməsi üçün gərək “Azərişıq” ASC (ölkə üzrə elektrik enerjisinin paylanması üzrə monopolist) də bəzi məlumatlara işıq salaydı, məsələn, bildirəydi ki, həmin gün “sənaye”, “əhali”, “kommersiya”, “dövlət qurunları” kimi istehlakçı təbəqələr arasında ən çox enerji sərfiyyatı hansında qeydə alınıb və əvvəlki dövrlərlə müqayisədə artım nə qədər olub. Bunlar təkcə cəmiyyəti yox, həmçinin Azərbaycan enerjisini ölkə xaricində alan istehglakçılar üçün də vacib məsələlərdi. Çünki iqtisadiyyatın rəqəmsallaşdığının günü gündən artdığı bir dövrdə enerji daşıyıcılarının stabil hasilatı və nəqlinin böyük əhəmiyyəti var.    

Naxçıvanın yenidən qurulan enerjisi

Avqustun 5-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.
 

Yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur. Bundan başqa, bölgədə 6–10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması, elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi planlaşdırılır.


Qeyd edim ki, bu çox vacib bir sənəddir, çünki yaxın beşillikdə və sonrakı illərdə Naxçıvan Muxtar Respublikası özünün enerjiyə olan tələbatını tam ödəməli və region ölkələrinə stabil enerji ixracını həyata keçirməlidir. Özü də elektrik enerjisinin ixracı məhz onun yaşıl enerji növü ilə seçilməlidir.

Bizim.Media

Seçilən
44
50
bizim.media

10Mənbələr