Olaylar.az xəbər verir ki, bu barədə Hindistanın keçmiş diplomatı Acay Bisariya Times of India qəzetində dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, Hindistan "Alyaska təşəbbüsünü" müsbət qarşılayıb və bu, ikinci dərəcəli sanksiyaların yumşalmasına da gətirib çıxara bilər: "Hindistan əsas iştirakçıdır: Avropada sülh Hindistan-ABŞ münasibətlərinə vurulan dolayı ziyanın aradan qaldırılması üçün imkan aça bilər".
Bisariya qeyd edib ki, "əgər Alyaska sammiti Ukrayna məsələsində kiçik də olsa irəliləyiş əldə etsə, bu, transatlantik gərginliyin azalmasına, sanksiyaların yenidən tənzimlənməsi üçün şəraitin yaranmasına və Hindistana qarşı tarif təzyiqinin yumşalmasına səbəb ola bilər". Lakin o, danışıqların uğursuz olması halında Trampın mövqeyinin daha da sərtləşə biləcəyini vurğulayıb.
Ekspertin fikrincə, Trampın "provosativ və teatr xarakterli" taktikasının məqsədi mümkün olan ən yaxşı razılaşmanı əldə etməkdir. Onun Hindistan iqtisadiyyatı ilə bağlı xoşagəlməz şərhlərinə isə sakit və əsaslı cavab verilməli, emosional reaksiyalardan qaçılmalıdır. "Hindistan və ABŞ arasında strateji tərəfdaşlıq 2000-ci ildə rəsmiləşməsindən bəri böyük zəhmətlə qurulub və heç bir tək mübahisə bu münasibətləri sarsıda bilməz", - deyə Bisariya vurğulayıb.
Xatırladaq ki, avqustun 15-də Alyaskada keçiriləcək görüş barədə Tramp cümə günü açıqlama verib. Kremlin köməkçisi Yuri Uşakov da planları təsdiqləyərək bildirib ki, danışıqlar zamanı Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli üçün variantlar müzakirə olunacaq. Bu, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıdışından sonra Putinlə ilk üzbəüz görüşü olacaq.