Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsini təşkil edib.
Trend-ə DİM-dən verilən məlumata görə, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi və 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Onlardan 879-u Bakıda, 26-sı isə Naxçıvanda imtahan verib.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.