AZ

Bakı Vaşinqton əlaqələrində yeni səhifə: İlham Əliyevin Vaşinqton sfəri ikitərəfli əlaqələrdə yüksək nöqtə yaratdı

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfəri, həm Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı, həm də Cənubi Qafqaz regionunda sülh prosesinin sürətləndirilməsi baxımından böyük önəm kəsb edir.

Səfər zamanı Prezident İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşdə imzalanmış Birgə Bəyannamə, bölgədə sülh gündəliyinin əsaslı və yeni mərhələsini təşkil edir. Bu görüşün məqsədi, beynəlxalq zəmanət və dəstək mexanizmləri vasitəsilə sülh prosesini gücləndirmək, eyni zamanda Azərbaycan–ABŞ əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdır.

Bu səfərin mühüm cəhətlərindən biri odur ki, ABŞ-da 2024-cü il prezident seçkiləri öncəsi İlham Əliyevin Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlər və diplomatik dəstək jesti, hazırda siyasi kapitala çevrilmişdir. Tramp administrasiyasının dövründə ABŞ-ın yeni müharibələrə başlamaması, ailə və ənənəvi dəyərlərə önəm verməsi barədə İlham Əliyevin vurğuları iki lider arasında şəxsi etimad münasibətlərinin yaranmasına şərait yaradıb. 

Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu, iki ölkə arasında münasibətlərin artıq yalnız siyasi dialoqdan ibarət olmadığını, eyni zamanda konkret əməkdaşlıq mexanizmlərinə çevrildiyini təsdiqləyir. Bu istiqamətdə Strateji İşçi Qrupun yaradılması, əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Strateji tərəfdaşlıq çərçivəsində bir neçə əsas istiqamət müəyyən edilib.

Enerji, ticarət və tranzit marşrutlarının inkişafı və diversifikasiyası  Azərbaycanın Cənubi Qafqazda enerji və logistika qovşağı kimi mövqeyini gücləndirir.

Süni intellekt və rəqəmsal infrastruktur sahəsində ABŞ texnologiyasının ölkəyə gətirilməsi, iqtisadiyyatın modernləşdirilməsinə təkan verəcək.

Müdafiə sənayesi, terrorizmə qarşı mübarizə və regionda sabitliyin təmin olunması sahəsində ortaq fəaliyyət.

Bu istiqamətlər ABŞ-ın bölgəyə olan marağının təkcə enerji resursları ilə məhdudlaşmadığını, həm də yüksək texnologiyalar, müdafiə və iqtisadi təhlükəsizlik kimi sahələrdə də genişləndiyini göstərir.

Millət vəkili Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb: 

"Tramp administrasiyasının enerji təhlükəsizliyi, regional sabitlik və terrorizmə qarşı mübarizə kimi sahələrdə Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsi, əlaqələrin strateji xarakterini daha da gücləndirib. Hazırda iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq mövcuddur. ABŞ uzun illərdir Bakı-Tbilisi-Ceyhan və TAP kimi strateji layihələrə dəstək göstərib və gələcəkdə də əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

İqtisadi əlaqələr baxımından, ticarət dövriyyəsinin əsasını enerji sektoru təşkil etsə də, tərəflər qeyri-neft sahələrində də əməkdaşlığı genişləndirməyə maraq göstərir. Eyni zamanda, Azərbaycan ABŞ üçün Cənubi Qafqazda mühüm nəqliyyat-logistika mərkəzi rolunu oynayır".

Deputat qeyd edib ki, səfərin ən diqqətçəkən nəticələrindən biri, ABŞ Prezidenti Donald Tramp tərəfindən 1992-ci ildə qəbul edilmiş və ABŞ-ın Azərbaycana qarşı birtərəfli məhdudiyyətləri nəzərdə tutan "Azadlığı Müdafiə Aktı"na aid 907 saylı düzəlişin icrasının dayandırılması ilə bağlı sənədin imzalanması oldu:

"Həmin düzəliş, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti fonunda ABŞ-ın Bakıya dövlət yardımını qadağan edən hüquqi mexanizm kimi çıxış edirdi. Bayden-Blinken administrasiyasının 907 saylı düzəlişi yenidən aktivləşdirməsi və onu siyasi təzyiq alətinə çevirməsi, xüsusilə Əfqanıstan əməliyyatlarından sonra, ABŞ-Azərbaycan münasibətlərində ciddi gərginliklər yaratmışdı. Tramp administrasiyasının bu məhdudiyyəti ləğv etməsi isə iki ölkə arasında yeni etimad və əməkdaşlıq dövrünün başlanğıcı kimi qiymətləndirilir. Bu qərar, həmçinin ABŞ-ın regiondakı siyasi xəttində dəyişiklik və Cənubi Qafqazda güc balansının yenidən formalaşması mənasına gəlir.

ABŞ-ın, xüsusilə Tramp administrasiyasının bölgədə sabitlik və iqtisadi inteqrasiyanı dəstəkləməsi Azərbaycan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda Moskva və Brüssel formatlarından kənar, paralel diplomatik kanalların güclənməsinə də şərait yaradır. Prezident İlham Əliyevin Vaşinqtona səfəri, yalnız ikitərəfli münasibətlərdə yeni səhifə açmaqla kifayətlənmir, həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə xidmət edir. ABŞ texnologiyası və sərmayəsinin ölkəyə gətirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq və strateji tranzit marşrutlarının genişləndirilməsi Azərbaycanın iqtisadi və siyasi suverenliyinin möhkəmlənməsinə zəmin yaradır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
50
sherg.az

10Mənbələr