AZ

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və Ermənistanla saziş... - TƏHLİL

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb.

1. Azərbaycan-Ermənistan sülh gündəliyi

Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflandığı deyilir. Bu mühüm nailiyyətdir. Ümumiyyətlə, paraflama sülh müqaviləsinin artıq əsas mətninin tərəflər tərəfindən razılaşdırıldığını və heç bir ciddi fikir ayrılığının qalmadığını göstərir. Bu mərhələ tərəflərin yekun imza mərhələsinə keçməyə hazır olduğunu bildirir.

İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunması razılaşdırılıb. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir.

Üçüncüsü, Azərbaycan və Ermənistan liderləri Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək. ATƏT-in Minsk Qrupu onsuz da uzun müddətdir ki, fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Tərəflər öz aralarında sülh müqaviləsinin əsas şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini açıq şəkildə bəyan edirlərsə, Minsk Qrupunun legitim əsasları və əhəmiyyəti avtomatik olaraq itmiş olur. Digər tərəfdən Minsk Qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında formalaşmışdı.

2. Azərbaycan-ABŞ ikitərəfli əlaqələri

Səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldə edilib:

Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacib problemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddət dayandırılsa da Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.

İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Turan Rzayev

MİA.AZ

Seçilən
11
50
mia.az

10Mənbələr