AZ

Fələyinadministrasiyası

Frans Kafkanın “Qəsr” romanı haqqında

Sabah ertədən yerölçən təpənin üstündə qərar tutmuş Qəsrə yollanır. Yol uzandıqca uzanır, o getdikcə mənzil başı bir az da uzaqlaşır. Kəndin ana küçəsi o səmtə aparsa da, son ucu Qəsrə calanmır, qəfil döngəyə-dalana burulub yolçuları azdırır.

K. Qəsrə düşmək sevdasından əl çəkib meyxanaya qayıdanda görür ki, iki cavan oğlan onu gözləyir. Onlar özlərini K.-nın köməkçiləri kimi qələmə verirlər, hərçənd onun peşəsindən xəbərsizdirlər. K. anlayır ki, onları Qəsrdən onu izləmək üçün göndəriblər, köməkçi deyilən oğlanlar yuxarıların onu gecə-gündüz güdən bir cüt gözüdür.

K. onları da götürüb xizəklə Qəsrə getmək istəyir, ancaq köməkçilər deyirlər ki, xüsusi icazə almadan kənar şəxslərin Qəsrə girməsi qadağandır. Onda K. onlara tapşırır ki, Qəsrə zəng vurub qəbula düşmək üçün icazə alsınlar. Köməkçilərə dərhal rədd cavabı verilir. K. dəstəyi onlardan alanda telefon xəttiylə axıb gələn dolaşıq, anlaşılmaz səslər eşidir. Handan-hana ona cavab verirlər, K. nədənsə özünü özü kimi yox, öz köməkçisitək qələmə verir. Yuxarıdan gələn səs ona Qəsrə girməyi biryolluq qəti qadağan eləyir.

Bu vaxt çapar Barnabas Qəsrdən K.-ya məktub gətirir. Kanselyariya müdirinin imzaladığı məktubda ona məlumat verilir ki, K. Qəsr sahibinin yanında qulluğa götürülüb, onun birbaşa rəhbəri isə Kəndin kəndxudasıdır. K. qərara gəlir ki, məmurlardan uzaqda, Kənddə qalıb işləsin, sadə kəndlilərə qaynayıb qarışsın, girəvə düşdükcə Qəsrdən də nəsə çalıb qoparsın. Bununla belə məktubun tonundan bir hədə, mübarizəyə çağırış da sezilir.

***

Barnabasın böyük bacısı Olqanın əliylə K. mehmanxanaya yol tapır - bura Qəsrdən Kəndə iş dalınca gələn ağaların qalması üçün nəzərdə tutulub. Kənar şəxslərin mehmanxanada gecələməsi qadağandır, yerölçən yalnız bufetdə sığınacaq tapa bilər. Həmin axşam oteldə nüfuzlu məmurlardan biri - Klamm qalır, Kənddə onu tanımayan tapılmaz, hərçənd kəndlilərdən heç kəs Klammın üzünü düz-əməlli görməyib.

İstər ağalardan olsun, istərsə kəndlilərdən, hər cür müştərinin qulluğunda duran, onlara pivə süzən Frida adlı qız da mehmanxanada mühüm personadır. Çox gözəgəlimli olmasa da, cansız-cəsədsiz Fridanın kədərli gözləri var. Elə ilk baxışdan K. çox müşkülü çözməyə qadir olan o qəmli gözlərin tilsiminə düşür.

Frida K.-ya bufetə qonşu otaqda olan Klamma gizli gözlükdən baxmağı təklif eləyir. K. deşikdən baxanda Klammın kök, yöndəmsiz, yaşlandığından yanaqları sallanmış bir cənab olduğunu görür. Frida bu cənabın aşnasıdır, o səbəbdən Kənddə onun da hörməti, nüfuzu var, bufetçi vəzifəsinə qız birbaşa tövlə süpürməkdən gətirilib.

K. Fridaya Klammı atıb onun sevgilisi olmağı təklif eləyir. Frida razılaşır, K. gecəni bufetin piştaxtası altında, onun ağuşunda keçirir. Səhərə yaxın Klamm amiranə səsiylə qızı çağıranda Frida ona nümayişkaranə tonla cavab verir ki, yerölçənlə birlikdədir. Növbəti gecəni onlar karvansara hücrəsində, K.-nın köməkçilərinin nəzərləri altında keçirirlər. K. Fridayla evlənməyə tələsir, ancaq ona qədər qızın araçılığıyla Klammın qəbuluna düşmək istəyir. Həm Frida, həm də karvansara sahibəsi K.-nı inandırmağa çalışırlar ki, onun Klammla görüşməsi, danışması mümkün deyil, çünki Klamm Qəsrdən enmiş adamdır, ali cənabdır, K. isə heçkim, heçnədir, Qəsrə yolunun bağlanmağı bir yana, Kəndə də yad-yabançıdır, burada da artıqdır.

Fridanın dağ kimi kişini atıb bir fərsizə, yurdsuza calanmağı karvansara sahibəsini yandırır. Qadın boynuna alır ki, iyirmi il bundan qabaq Klamm onu üç dəfə yanına çağırıb. Klammın bağışladığı dəsmalı, onun göndərdiyi çaparın şəklini sahibə hələ də göz bəbəyitək qoruyub saxlayır. Qadın ərə də Klammın xeyir-duasıyla gedib, illər boyu hər gecə ərinə aşnasından danışıb. Xidməti işlə şəxsi həyatın belə uzlaşması K.-nı heyrətləndirir.

***

Kəndxuda K.-ya deyir ki, yerölçənin gəlişinə hazırlıq görmək barədə tapşırığı hələ neçə il əvvəl alıb. Dərhal da Qəsrin dəftərxanasına cavab göndərib ki, Kənddə heç kimə yerölçən gərək deyil. Görünür, cavab məktubu lazımi ünvana çatmayıb, nəsə dəyişik düşüb, hərçənd bu barədə qəti danışmaq olmaz, çünki kanselyariyanın səhvə yol vermə ehtimalı sıfıra bərabərdir. Ancaq nəzarətçi instansiya sonradan-sonraya səhvini boynuna alıb, məmurlardan biri xəstəlik tapıb. K.-nın gəlişindən az əvvəl, nəhayət, məsələ müsbət həllini tapıb, yerölçəndən imtina olunması rəsmən təsdiqlənib.

İndi K.-nın qəfildən peyda olması neçə illik gərgin əməyin üstündən xətt çəkir. Kəndxudanın evində, anbarlarda Qəsrin arxivi qorunur, onun arvadıyla yerölçənin köməkçiləri bütün sənədləri töküb-töküşdürüblər, di gəl, K.-nın təyinatıyla bağlı sərəncamı tapa bilməyiblər. Fridanın təzyiqi altında K. kəndxudanın məktəbə qarovulçu düzəlməklə bağlı təklifini qəbul eləməyə məcbur olur, hərçənd müəllimin deməsinə görə, məktəb gözətçisi Kəndə heç də yerölçəndən artıq gərək deyil. Amma gələcək ər-arvadın qalmağa yeri yoxdur, odur ki, Frida məktəbdəki sinif otaqlarından birini ailə ocağına çevirməyə çalışır.

Klammı tutmaq üçün K. mehmanxanaya gedir. Bufetdə o, Fridanın xələfi Pepi ilə tanış olur, ondan Klammın yerini öyrənir. Qəsrdən enmiş məmuru soyuqdan dona-dona küçədə gözləyir, ancaq Klamm quyruq ələ vermir. Klammın katibi istintaq aparırmış kimi onu sorğu-suala tutur, sən demə, bu sualların cavabı Qəsrin dəftərxanasında tərtib olunan protokola salınacaqmış. Klammın vaxt azlığından protokolları oxumadığını biləndə K. oradan qaçır.

Yolda o, Klammdan məktub gətirən Barnabasla qarşılaşır; məktubda Klamm yerölçənin onun tapşırığıyla gördüyü işlərdən razı qaldığını bildirir. K. deyir ki, burada nəsə bir dolaşıqlıq, anlaşılmazlıq var, Barnabas bunları Klamma izah eləməlidir. Fəqət çapar əmindir ki, Klamm heç onu da dinləməyəcək.

***

K. Fridayla, köməkçiləriylə birlikdə məktəbin idman zalında gecələyir. O duyur ki, birgə yaşadıqları bu dörd gündə sevgilisi gözəçarpan dərəcədə dəyişib. Klammın yanında olanda qız tər çiçəktək pardaqlanırdı, amma K. onu dərəndən soluxmağa başlayıb. Fridaya əzab çəkdirən budur ki, K. Qəsrin elçilərindən, yaxud müfəttişlərindən olan Klammla görüşməyi hər şeydən çox arzulayır, əslində, onun ayrı arzu-diləyi heç yoxdur da. İşin qorxulu yanı budur ki, əgər Klamm hansısa işini aşırmağın müqabilində Fridanı qaytarmağı ondan istəsə, K. buna dərhal razılıq verəcək. Üstəlik, Frida nişanlısını Barnabasın bacısı Olqaya qısqanır.

Olqa diribaş, fədakar

qızdır, öz ailəsinin kədərli tarixçəsini K.-ya

uzun-uzadı nağıl eləyir:

Üç il qabaq Kənddə keçirilən bir bayram şənliyində Sortini adlı yüksək məmur Olqanın kiçik bacısı Amaliyadan gözünü çəkmirmiş. Ertəsi gün çapar Amaliyaya əxlaqsız təkliflərlə dolu bir məktub gətirir, məktubu göndərən Sortini Amaliyadan onun mehmanxanadakı otağına gəlməyi tələb eləyirmiş. Mənliyi alçaldılmış qız məktubu cırıb çaparın sifətinə çırpır. Sortini əslində bundan razı qalır, çünki Amaliyanın gözəlliyi onu mühüm işlərdən yayındırdığına, fikrini dağıtdığına görə kişi ona da, özünə də qəzəbliymiş, indisə qız məmurun beynində tutduğu yeri boşaltmışdı. Buna qədər Kənddə Qəsrin heç bir nümayəndəsini sinəsindən geri itələyən olmayıbmış. Amaliyanın qüruru ailənin lənətinə çevrilir, Kənddə hamı onlardan üz döndərir. Kəndin ən yaxşı çəkməçisi sayılan ataları sifarişsiz, gəlirsiz qalır. Kişi bütün günü yol qırağında, Qəsrin darvazası ağzında durub, gələn-gedən məmurlardan mərhəmət dilənir, fəqət heç birinin çarəsiz qocaya ürəyi yanmır, onu dinləyən belə olmur. Ailəyə başqa cəza verməyə daha ehtiyac qalmır, dərd-qüssədən ata da, ana da sürətlə qocalıb evin içində əlilə, zəlilə dönür. Olqa başa düşür ki, camaat Qəsrin qəzəbinə gəlməkdən qorxduğuna görə onları boykot eləyib. Əgər onlar günahlarını yuyub səhvlərini qansalar, el yenə bu ailəylə mehriban dolanacaq...

F.Uğurlu

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr