AZ

Fələyin administrasiyası

Frans Kafkanın “Qəsr” romanı haqqında

Şərti ad versək, “Qanunun qapısı qarşısında” (“Fələyin darvazası ağzında” da demək olar) adlandıra biləcəyimiz pritçanı “Məhkəmə” romanından “Qəsr”ə keçid də saya bilərik. Pritçanın qəhrəmanından fərqli olaraq romanın qəhrəmanı Fələyin administrasiyasına, ya da heç olmasa kanselyariyasına yol tapmağa aktiv şəkildə çalışır, bundan ötrü ciddi cəhdlər göstərir. Bu adam Qəsrdə qəbul olunmaq üçün, yuxarılarda saya salınmaq üçün hər yola, hər üsula əl atmağa hazırdır. Qəsrə qarşı üsyana qalxmaq, asi düşmək, qaydaları dəyişmək K.-nın xəyalından da keçmir, o, sadəcə, qoyulmuş qaydaları mənimsəyib göydə Qəsrin, yerdə Kəndin bir parçasına çevrilmək, burada yaşamağın mənasını, məntiqini tutmaq istəyir. Məna, məntiq isə yoxdur.

Zavallı K. axı kəndə öz xoşuyla gəlməyib, onu bura, bu dünyaya təyinatla göndəriblər, onu yerölçən vəzifəsinə təyin eləyiblər. Di gəl, nə Kənddə, nə Qəsrdə belə bir vəzifəyə ehtiyac yoxdur, buna baxmayaraq ona iki köməkçi də ayrılıb. Yerölçən K. gəldiyi yerdə artıq adama çevrilib, qalmağa, yatmağa yer tapmağı belə müşkülə dönüb. Üstəlik, qışın oğlan çağıdır, kənddə qar qurşağa çıxır, yer üzü sonsuz kainat kimi soyuqdur.

Bəri başdan deyim ki, roman başdan-ayağa, hər sözünə, vergülünə qədər rəmzi-metaforik mahiyyət daşıyır. Bu səbəbdən ona səhih, dəqiq rasional yozum vermək çətindir. Əsərin süjeti, təhkiyəsi də on doqquzuncu əsrdə formalaşmış nəsr ənənəsindən tamam seçilir. Ancaq Kafka ədəbiyyat meydanına paraşütlə enməyib, möhkəm bir təməl üstündə yenilik yaradıb. Diqqətlə gözdən keçirsək, onun əsərlərində Hofman, Qrimm qardaşları, Balzak, Flober, Dikkens, Qoqol, Dostoyevski, Çexov kimi sələflərinin həm barmaq izlərini, həm də onların yaratdığı personajların reinkarnasiyasını sezə bilərik.

Kafka əsərlərinin forması, təhkiyəsi, dediyimiz kimi, özündən əvvəlkilərdən köklü şəkildə fərqlənir, burada pozitivist-realist bünövrə üzərində formalaşmış düzxətli, deterministik təhkiyədən söhbət gedə bilməz, baş verənlər eynən yuxuda olduğutək anaxronik, xaotik, qatmaqarışıqdır, sağlam məntiqə, normal ağıla sığan deyil. Bu səbəbdən onun adı Prustla, Coysla yanaşı, modernizm bayraqdarlarının ön sırasında yer tutur.

***

Kafka təkcə ədəbiyyatdan, adını çəkdiyim-çəkmədiyim yazıçılardan təsirlənməmişdi; onun ilham qaynaqlarından biri də fəlsəfəydi, xüsusən də yeni Avropa fəlsəfəsi. Artur Şopenhauer bu pleyadanın başında dururdu. Yeri gəlmişkən, ötən yazıda ekzistensializmin banisi Sören Kyerkeqorla Kafka arasında bənzərliklərə dair misallar gətirsəm də, yazıçının bu mütəfəkkirin əsərlərini oxuyub-oxumadığını bilmədiyimi demişdim; aradan keçən iki ildə Kafkanın Danimarka filosofunun yaradıcılığına, fikirlərinə yaxşı bələd olduğunu, onun traktatlarını sevə-sevə oxuduğunu öyrəndim, gündəliklərinə bu barədə yazdığı bəzi qeydləri gözdən keçirdim, üstəlik, sevindim ki, zənnim məni aldatmayıb.

Bundan başqa, Kafka yaradıcılığıyla Ziqmund Freydin kəşf elədiyi Edip kompleksi (ata kompleksi də demək olar) arasında paralellər də aparıb, yazıçının bu mütəfəkkirin nəzəriyyəsiylə tanış olub-olmadığını bilmədiyimi də söyləmişdim. Bu aralar öyrəndim ki, Kafka Freydin təliminə nəinki bələd olub, üstəlik, onun Erosu kainatın mərkəzinə çəkməsinə, varlığın taxtına çıxarmasına, elmi dillə desək, panseksualizm nəzəriyyəsinə tənqidi yanaşıb. Burası mənə qətiyyən təəccüblü gəlmədi, çünki Freyd epikürçü idi, ehtirasların əliylə qorxuları sıxışdırıb candan çıxarmaq, psixikanı senzuranın çəkdirdiyi əzablardan, travmalardan sağaltmaq onun başlıca vəzifəsiydi. Kafka isə ruhunun konstitusiyasına görə stoik idi, üstəlik, yəhudi-xristian mədəniyyəti zəminində boy atmışdı, günah, vicdan əzabı, xəcalət kimi duyğular ondan ötrü zədədən çox quduz ehtirasları, vəhşi istəkləri tormozlayan başlıca mexanizmlər, ontoloji dərman vasitələriydi (Maraqlıdır ki, hər iki mütəfəkkirin Avstriya-Macarıstan imperiyasında yaşayan yəhudilərə xas psixoloji komplekslərin sözçüsü olduğunu iddia eləyənlər də vardı, bu gün də var).

Kafkanın əsərlərində qadınla kişi arasında cinsi münasibəti xoşbəxtliyin, azadlığın, məhəbbətin ifadəsi kimi tərənnüm eləyən, onu həyatın cövhəri səviyyəsinə qaldıran mülahizələrə, səhnələrə rast gəlinməz; əksinə, ondan ötrü bu münasibət iyrənc eqoist heyvani akt, cana can calayıb əlavə bədənlə yüklənmə, puç, mənasız illüziya, faydasız, səmərəsiz axtarış demək idi. Bu, klassik idealist məhəbbət formulundan köklü şəkildə fərqlənən bir düsturdur, burada eşq, fədakarlıq, özünü özgədə tapma, başqasında zühura gəlmə kimi möcüzəli metamorfozlar yoxdur; tam tərsinə, sevişmə səhnəsi döyüş səhnəsitək təsvir olunur, tərəflər bir-birini talamağa, bir-birindən nəf götürməyə, rəqibini başının üstündə dikəltdiyi çadır kimi, büründüyü yorğan kimi təkliyinin hücrəsinə çevirib “onun qoynunda ondan gizlənməyə” (Salam Sarvan) çalışır, küllükdə eşələnən it sayağı hər biri yem axtarır, xudbin cismani həzzin zirvəsinə can atır:

“Frida K.-nın boynuna sarılıb yenə nəsə söyləmək istədi, amma gerisini gətirə bilmədi, kürsü düz çarpayının yanında olduğundan səndələyib ora yıxıldılar. Beləcə uzanıb qaldılar, ancaq o gecəki kimi bir-birilərinə sarmaşmadılar. Qız da nəsə axtarırdı, K. da. Acıqlı-acıqlı, üz-gözlərini əyişdirə-əyişdirə, başlarıyla bir-birinin sinəsində eşələnə-eşələnə axtardılar, amma bu dəfə qucaqlaşmadılar da, səyriyən gövdələri də onları məst edə bilmədi, əksinə, axtarış duyğularını itilədi; it acıqlı-acıqlı yeri eşələdiyitək onlar da bir-birinin bədənini eşələdilər, əli hər yerdən üzülmüş mağmınlar kimi. Son xoşbəxtliyə yetmək üçün hərdən dilləri bir-birinin sifətində gəzdi. Yalnız yorğunluq onları bir-birindən doyurub sakitləşdirə bildi”. (“Qəsr”, tərcümə Çərkəz Qurbanlınındır)

Bu cümlələri yazan müəllifin evlənməkdən çəkinməsi, neçə kərə nişanını pozması, təkliyini heç kimlə bölüşmək istəməməsi gərək kimsədə təəccüb doğurmasın...

***

Romanın otuz-otuz beş yaşlı qəhrəmanı K. təyinatla göndərildiyi Kəndə bir qış axşamı çatır. Aralıdan gördüyü Qəsrin üstündə qara-qara qarğalar leş iyi alıbmış kimi dövrə vururlar (buna bənzər mənzərə Markesin “Patriarxın payızı” romanının başlanğıcında da var). Ancaq burada ölən yoxdur, hər halda bu haqda bir şey deyilmir (kimsə həmin səhnəni Tanrının ölümü haqqında Nitsşe tezisinə illüstrasiya kimi şərh eləməyə çalışmışdı). Qarğaların paradını biz yalnız yoza bilərik, məsələn, belə: fələyin qəsri gecə-gündüz məxluqatın ət maşınından keçirildiyi qəssabxana, ömürlərin baltalandığı ölüm fabrikidir.

Əslində, bu Qəsr adlandırdıqları heç qəsrə də oxşamır: “Bu, nə qədim cəngavərlik qəsri, nə də yeni, cah-cəlallı tikiliydi; çoxusu bir-birinin qoynuna qısılmış evlərdən, az qismi isə ikimərtəbə binalardan ibarət ətrafa yayılmış bir qalaydı. Qəsrliyini bilən olmasaydı, elə düşünərdi ki, balaca bir şəhərcikdir. K.-nın gözünə təkcə bir qüllə sataşdı, yaşayış binasınınkıydımı, ya kilsəninkiydimi, bilmək olmurdu. Başında da qarğalar dolaşırdı”.

K.-nın ilk döndüyü yer kənd meyxanası olur. Yad adamın gəlişindən məmnun qalmayan meyxana sahibinin narazı tövrünə baxmayaraq o burada, kəndlilər  arasında gecələyir. Gecə yarısı qalabaşı köməkçisinin oğlu Şvartser onu yuxudan oyadıb nəzakətlə nəzərinə çatdırır ki, həm Qəsrin, həm də Kəndin ağası qrafın icazəsi olmadan burada qalmağa, gecələməyə heç kimə rüsxət verilmir. K. əvvəlcə bu ultimatuma məhəl qoymur, sonra qarlı-şaxtalı gecədə çölə atılacağından qorxub səsini başına atır, deyir ki, buralara məhz qrafın çağırışıyla, yerölçən vəzifəsində çalışmaq üçün gəlib. Çox keçməz, onun cihazlarını daşıyan köməkçiləri də gəlib çıxarlar.

Şvartser Qəsrin dəftərxanasına zəng vurub K.-nın dediklərini təsdiqləyən cavab alır. K. düşünür ki, Qəsrdə onun yerölçənliyini bu cür arxayın, inamlı qarşılamaqla onu daimi qorxu altında saxlaya biləcəklərini güman eləyirlərsə, əlbəttə, yanılırlar. Bu, ondan irəli gəlir ki, K.-nı yaxşı tanımırlar, o öz azadlığından geninə-boluna yararlanıb mübarizə aparacaq.

F.Uğurlu

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr