Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Milli.Az