Bakı, 25 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizəni davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Pirallahıda keçirilən növbəti əməliyyat zamanı 1975-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş rayon sakini Maqsud Cəfərov saxlanılıb. Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş 42 kiloqram marixuana aşkarlanıb.
O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.