Sfera.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütün media cameəsini, xüsusilə də daim haqqın, ədalətin və cəmiyyətin güzgüsü olan jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün mənim üçün də şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin vacib bir qolunu təşkil etmişdir. Bu dövrdə sözün və informasiyanın gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə önəmli bir missiya daşıdığının canlı şahidi oldum.
Bu səviyyəyə gəlmək, mətbuatla işbirliyində daim peşəkar münasibət qorumaq və ölkəmizə ləyaqətlə xidmət etmək yolunda mənə dəstək olmuş bütün ali rəhbərliyə, rəhbər tutduğum qurumlara və əməkdaşlarıma dərin təşəkkürümü bildirirəm.
Azərbaycan jurnalistləri daim sözün, vicdanın və vətənpərvərliyin bayraqdarı olmuşlar. Onların fədakar fəaliyyəti sayəsində cəmiyyət məlumatlanır, həqiqətlər işıqlandırılır, şəffaflıq və ictimai nəzarət təmin olunur. Mətbuat – cəmiyyətin aynasıdır, və bu aynanın daim parlaq qalması üçün çalışan hər bir media nümayəndəsinin əməyinə yüksək qiymət verirəm.
Əminliklə qeyd etmək istəyirəm ki, bu günə qədər qazandığım bütün uğurlar — xidmət etdiyim idarə və nazirlik rəhbərliyinin tələbkarlığı, diqqəti və qayğısı, eləcə də əlində qələm tutaraq jurnalist fəaliyyətini vicdanla yerinə yetirən qələm sahiblərinin əməkdaşlığı və obyektiv mövqeyi sayəsində mümkün olmuşdur. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.
Bir daha bu əlamətdar gün münasibətilə bütün mətbuat nümayəndələrinə sağlamlıq, güc, qələmlərinə iti və məsuliyyətli söz arzulayıram. Uğurlarınız bol, sözünüz kəsərli olsun!
Hörmətlə,
Vaqif Əsədov
Daxili İşlər Orqanlarının təqaüddə olan polkovniki
21 iyul 2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.